...

Yaralı erməni hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər - RƏSMİ

Siyasət Materials 22 Sentyabr 2023 13:39 (UTC +04:00)
Yaralı erməni hərbçilərin təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər - RƏSMİ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.

Trend xəbər verir ki, Hikmət Hacıyev görüşdə bildirib ki, erməni əsilli yaralı hərbçilərin Ermənistana tibbi təxliyəsi üçün tibbi maşınlar Ermənistandan da gələ bilər.

"Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır. Biz BQXK-nin Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik", - Prezidentin köməkçisi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Xəbər lenti

Xəbər lenti