Şuşa. Trend:
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Trend xəbər verir ki, hərbi attaşelər Şuşada məhv edilən erməni postuna da baş çəkiblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının
Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin
birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə
qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə
tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri
Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı
dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil
verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.