...

Xalqımız heç vaxt mübarizə əzmini itirmədi və qələbəyə nail oldu - Afət Həsənova

Siyasət Materials 16 Noyabr 2023 14:13 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsində zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq qələbədir. Azərbaycan xalqı uzun illər bu qələbəni gözləyirdi və işğal dövründə hər kəs bir nöqtəyə vururdu ki, torpaqlarımız düşmən tapdağından azad edilsin.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan uzun illər danışıqlar prosesində iştirak edərək məsələnin sülh yolu ilə həll edilməsinə çalışırdı.

“Lakin sülh danışıqları heç bir səmərə vermirdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi, ardıcıl təxribatları münaqişənin həllində heç bir irəliləyişə nail olunmasına imkan vermədi.

Bununla yanaşı, vasitəçi ölkələrin, xüsusilə Fransanın ermənipərəst mövqeyi münaqişənin uzanmasına xidmət edirdi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər kağız üzərində qaldı və BMT bu qətnamələrin icrası üçün heç bir tədbir görmədi.

Təəssüflər olsun ki, təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar qəbul edilmədi və Ermənistanın təxribatçı siyasəti müharibəni zərurətə çevirdi, 2020-ci ilin sentyabrında 44 gün davam edən müharibənin başlanmasına gətirib çıxardı”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, həm 44 günlük müharibə, həm də bu ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etdi və bu gün ölkəmizin bütün guşələrində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.

Deputat vurğulayıb ki, bu qələbənin xalqımız üçün həm də böyük mənəvi əhəmiyyəti var.

“Xalqımız 200 il boyunca erməni təxribatlarına məruz qalıb, xalqımıza qarşı insanlığa sığmayan soyqırımları, müharibə cinayətləri törədilib. Lakin xalqımız heç vaxt mübarizə əzmini itirməyib, torpaqlarının azadlığı uğrunda canını belə əsirgəməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ermənilərin 200 illik təxribatlarına, ərazi iddialarına son qoydu və Azərbaycan xalqı qalib xalqa çevrildi”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti