Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağ mövzusunda keçirilmiş dinləmələr ABŞ-nin növbəti dəfə Azərbaycana qərəzli münasibətinin təzahürüdür. Bu bir daha onu göstərir ABŞ güclü, müstəqil Azərbaycanı qəbul edə bilmir, ölkəmizin regionda güc sahibi olmasını həzm edə bilmir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisi olub, çünki tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. “Bu onu göstərir ki, dinləmələr məqsədli şəkildə təşkil edilib. Bu gün ABŞ daxilində kifayət qədər ciddi problemlər olduğu halda ABŞ-nin Azərbaycana qarşı belə qərəzli siyasət aparması heç bir çərçivəyə sığmır.
Bu gün ABŞ-də günbəgün artan dövlət borcu, irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı problemlər olduğu halda ABŞ Konqresi başqa regionda mövcud olmayan bir məsələ haqqında dinləmələr açır. Yaxşı olardı ki, ABŞ Konqresi öz daxili problemlərinin həllinə çalışsın”, - deyə deputat əlavə edib.
S.Hüseynova qeyd edib ki, bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-nin iştirakı və rolu kifayət qədərdir. Azərbaycan uzun illər ABŞ-nin geosiyasi oyunlarından əziyyət çəkib.
“Keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmuş ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı keçmiş qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım ayırırdı. Həmin dövrdə separatçılar ABŞ-yə səfər edərək “Qarabağa yardım” adı altında vəsait toplayırdılar. Məhz ABŞ-də Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək, ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-nin münasibətinin göstəricisi idi. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
Ölkəmizin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlandı. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bu gün bütün ərazilərimizə üçrəngli bayrağımız dalğalanır. Görünür ABŞ bundan çox narahatdır və ölkəmizə müxtəlif çirkin kampaniyalar vasitəsilə təzyiq göstərməyə çalışır. Ancaq ABŞ bilməlidir ki, bu cür vasitələrlə Azərbaycana təzyiq göstərə bilməyəcək, çünki Azərbaycanın ABŞ-dan heç bir asılılığı yoxdur. Əksinə, ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasətində uğur qazanmayacaq”, - deyə deputat əlavə edib.