Bakı. Trend:
Bu gün, dekabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi münasibətilə keçirilən Zəfər Paradından üç il ötür. Azərbaycan tarixinə qızıl hərflərlə düşən bu parad Vətən müharibəsində şanlı qələbənin təntənəsi idi.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar sonda torpaqlarımızın azad olunması və düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
“Heç şübhəsiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı”, - deyə V.İskəndərov bildirib.
Deputat qeyd edib ki, bu gün həmin tarixdən bir ay sonra Bakıda keçirilən Zəfər paradının üç ili tamam olur.
“Üç il öncə, dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı bir çox məqamları ilə tarixi əhəmiyyət kəsb edirid. Əvvəla bu parad Azərbaycanın müzəffər Ali Baş Komandanı, rəşadətli Ordusu və vətənpərvər xalqı ilə qazandığı qələbənin nəticəsini bir daha dünyaya nümayiş etdirdi. İkincisi dünya birliyi Azərbaycan Silahlı Qüvvələrinin canlı və texniki təchizat baxımından hansı gücə malik olduğunu gördü. Üçüncüsü hərbi paradda düşməndən hərbi qənimətlər kimi götürülən hərbi texnika da nümayiş etdirildi ki, bu da Ermənistana hansı miqyasda zərbə vurulduğuna dair rəyin formalaşdırılmasına imkan verdi.
Nəhayət, hərbi parad zamanı Azərbaycan və Türkiyə prezidentlərin tribunada birlikdə dayanaraq bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdilər”, - deyə deputat vurğulayıb.
V.İskəndərov bildirib ki, ümumiyyətlə 44 günlük Vətən müharibəsi bir sıra məqamları ilə yadda qaldı.
“Əvvəla bütün dünya bir daha Azərbaycanın gücünü gördü, ölkəmizdəki Prezident-Ordu-Xalq birliyinin şahidi oldu. Eyni zamanda həm düşmənlərimiz, həm də onların havadarları Azərbaycanın qüdrətli, yenilməz orduya sahib olduğunu gördü.
44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin Vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bu günlərdə Şuşaya səfəri zamanı bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”, - deyə deputat bildirib.