...

Azərbaycanın Xorvatiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib (FOTO)

Siyasət Materials 13 Dekabr 2023 17:37 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 12 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Xorvatiyadakı Səfirliyinin binasında büstünün açılışı mərasimi keçirilmiş, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Trend xəbər verir ki, tədbirdə Xorvatiyanın sabiq Prezidentləri Stepan Mesiç və İvo Yosipoviç, Xorvatiya Parlamentinin sədr müavini Davorko Vidoviç və Parlament üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Xorvatiyanın dövlət və ictimaiyyət nümayəndələri, Ali təhsil müəssisələrinin rəhbərləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Anar İmanov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edərək, onun müdrik siyasəti və uzaqgörənliyi sayəsində ölkəmizdə milli dövlətçilik ideyasının formalaşdığını, müasir və güclü Azərbaycan dövlətinin yaradıldığını, xalqımızın müstəqillik arzusunun gerçəkləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Diplomat, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasındakı rolu haqqında danışaraq, onun dövlətçiliyimizin çətin məqamında hakimiyyətə gəldiyini, çoxsaylı daxili və xarici çağırış və təhdidlərə baxmayaraq müstəqilliyimizi xilas etdiyini, Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın dünya miqyasında güclü dövlətə çevrildiyini və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin həqiqətən müstəqil və güclü bir dövlətə çevrilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin bu günkü sürətli iqtisadi inkişafı, məhz Ulu Öndər tərəfindən zamanında atılmış addımların və verilmiş müdrik qərarların nəticəsində mümkün olub.

Səfir, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulayaraq, ölkəmizin müasir dövrdə əldə etdiyi çoxsaylı uğurlar və naliyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə edərək, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə, milli və mənəvi dəyərlərə, adət-ənənələrə xüsusi önəm verdiyini, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin məhz 1995-ci il yanvar ayında, Prezident Heydər Əliyevin dövründə qurulduğunu vurğulamışdır. Stepan Mesiç, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulduğunu, Azərbaycanın bu gün beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.

Ağ mərmərdən hazırlanmış Ulu Öndər Heydər Əliyevin büstünün müəllifi tanınmış heykəltəraş Nurəli Şahbazovdur. Tədbir çərçivəsində, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto-sərgi təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti