Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün ilk növbədə bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə televiziya kanallarının açıq yayımı və habelə, 5–8 ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub.
Trend-in məlumatına görə, bunu Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib.
O bildirib ki, Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir.
“Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımının təşkili işini qeyd edərdim ki, bu prosesin yaxın zamanlarda yekunlaşacağı gözlənilir. Bundan başqa, sırf həmin regionda yayım aparan “CBC FM” radiosu da mövcuddur. Şuranın qərarı ilə lisenziya alan və müxtəlif dillərdə yayım aparan “Beynəlxalq radio”nun da ilk yayımı hazırda Qarabağ iqtisadi rayonu ərazisində həyata keçirilir.
Xüsusi vurğulamaq istədiyim bir məqam isə lokal antiterror tədbirlərindən sonra suverenliyimizin bütün ərazilərimizdə bərpası nəticəsində yaşadığımız qürur və sevinc hissi ilə bağlıdır. Dövlətimizin başçısının qətiyyəti və müdrik siyasəti, ordumuzun rəşadəti və peşəkarlığı nəticəsində azad olunan Xankəndi, Xocalı, Ağdərə və Qarabağımızın digər yaşayış məntəqələrindəki televiziya və radio yayımına gəlincə qeyd olunmalıdır ki, Şuşa radio-televiziya yayım stansiyasından və Xocavənd rayonunda yerləşən Şahyeri RTYS-dən aparılan yayımlar həmin yaşayış məntəqələrini (o cümlədən Xankəndi şəhərini də) əhatə edir və bütün ölkə kanalları orada yayımlanır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən sürətlə həyata keçirilən həmin bölgə üzrə radio və televiziya yayım infrastrukturunun ölkə yayım infrastrukturuna inteqrasiyası prosesi tamamlandıqca yerli televiziya və radio kanallarının bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində yayımı təmin olunacaq”, - deyə o əlavə edib.