Bakı. Trend:
Təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur.
“Bunun da təxminən 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb.
Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.