...

Qərb Ermənistanı insanlıq əleyhinə törətdiyi cinayətə görə mühakimə etməkdən yayındı - ŞƏRH

Siyasət Materials 26 Fevral 2024 14:41 (UTC +04:00)
Qərb Ermənistanı insanlıq əleyhinə törətdiyi cinayətə görə mühakimə etməkdən yayındı - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

1992-ci il fevralın 26-da dünya bəşər tarixinin ən dəhşətli qətliamlarından birinə oyandı. Sivil adlandırılan dünyanın gözü qarşısında Qarabağ bölgəsinin Xocalı şəhərində insanlığa qarşı cinayət törədildi.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, tarixə qara ləkə kimi düşən soyqırımda ermənilər kişi, qadın, uşaq seçmədən, qarşısına çıxan hər kəsi vəhşi və insanlığa sığmayan kinlə qətlə yetiriblər.

"Bu vəhşilik qəsdən hazırlandı. Məqsəd erməni vəhşiliyinin miqyasını üzə çıxarmaq və mülki əhalinin ərazini boşaltmasını təmin etmək idi. Maraqlısı o idi ki, bu qətliam bütün dünyanın gözü qarşısında həyata keçirilərkən heç kim səsini çıxarmadı. Bundan güc alan silahlanmış erməni quldur dəstələri vəhşiliklərini məhdudlaşdırmırdılar. Onlar insanlığa qarşı ən dəhşətli cinayəti törətdilər. Bu cinayəti törədənlər qanun qarşısında cavab vermədilər. Əksinə, mükafatlandırıldılar. Xocalı soyqırımının əsas aktyorlarından olan Robert Köçəryan və Serj Sarkisyan sonradan Ermənistan prezidenti təyin edildi. Soyqırım zamanı Sarkisyan həm də Qarabağdakı silahlı erməni dəstələrinin baş komandanı olub. Buna baxmayaraq, bu ikisi prezident olarkən Qərb liderlərindən heç bir tənqid almayıblar. Halbuki Ermənistanın da müdafiə naziri olan Sarkisyan “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, biz dinc insanları öldürməyəcəyik. Amma biz bu düşüncəni Xocalıda məhv etdik”, - deyə o, soyqırımda rolunu etiraf edib. Qərb erməniləri insanlıq əleyhinə törətdiyi cinayətə görə mühakimə etməkdən yayındı. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. Əksinə, Ermənistan mükafatlandırıldı.

23 saatlıq lokal antiterror tədbirlərindən sonra ermənilərin könüllü olaraq bölgəni tərk etməsində Azərbaycanı günahlandıran Qərbin qondarma insan haqlarını müdafiə edən qurum və təşkilatlarından soruşmaq lazımdır ki, onlar Xocalı soyqırımına qarşı nə ediblər? Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Burada nəinki insanlar qətlə yetirilib, insanlar dünyada nadir rast gəlinən vəhşiliyə məruz qalıb, insan ləyaqəti tapdalanıb. Bir millətə qarşı duyulan kin və nifrət əxlaqsız şəkildə ifadə edilib.

Bəli, yeganə təsəlli budur ki, bu gün Xocalı erməni işğalçılarından təmizlənib. Lakin Azərbaycan beynəlxalq aləmdə bu soyqırıma qarşı mübarizəsini davam etdirməlidir. Son zamanlar tapılan kütləvi məzarlıqlar, eləcə də bu hadisəyə məruz qalan insanlar Ermənistanın soyqırımı cinayətini törətdiyinə dair Azərbaycanın beynəlxalq aləmdə əlini gücləndirir. Xocalı soyqırımının tanınması və Ermənistana qarşı sanksiyaların tətbiqi üçün zəruri mübarizə Türk Dünyası Təşkilatının tərkibində ayrıca işçi qrup tərəfindən aparılmalıdır - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti