Bakı. Trend:
2023-cü il milli inkişaf tariximizə Heydər Əliyev ili kimi qeyd edilib. Eyni zamanda bu il cənab İlham Əliyevin Prezident seçilməsinin 20 ili tamam olub.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova qeyd edib ki, keçdiyimiz tarixi dövr göstərir ki, Ulu öndər Heydər Əliyevin strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib və Azərbaycanın iqtisadi inkişafı daha möhkəmlənib.
Spiker vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurlar 2023-cü ilin inkişaf göstəricisində öz əksini tapıb.
S.Qafarova qeyd edib ki, ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. “Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri neft-qaz sektorunun hesabına təmin edilib: "Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir.
2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilmişdir. Bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur”, - deyə spiker bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənib.
“Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olub. Bütün bunlar, hörmətli həmkarlar, dövlət başçısı möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması, infrastrukturun inkişafı və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir.
Əminliklə söyləmək olar ki, bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Mən bu il fevralın 14-də möhtərəm cənab Prezidentin andiçmə mərasimində söylədiyi nitqdən bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident demişdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq”, - deyə S.Qafarova əlavə edib.