Bakı. Trend:
Fransa bilərəkdən bizim ərazimizi nəzarətdə saxlayaraq turistlərin gəlməsinə çətinlik yaradır.
Trend-in məlumatına görə, bunu Fransız Polineziyası Assambleyasının Turizm və Mədəniyyət işləri üzrə komissiyasının katibi Kliff Loussan Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, Fransanı bu siyasəti Polineziyanın iqtisadiyyatının inkişafının qarşısını alır.
“Fransa bizi asılı vəziyyətdə saxlayır. Fransa miqrasiya məhdudiyyətləri qoyur ki, bu da turizmə mənfi təsir göstərir. Gələn turistlərə vizaların verilməsinə də maneçilik törədir. Fransa deyir ki, Polineziya Fransadır. Fransa Polineziyanın azadlığa doğru getməsini istəmir, bizim iqtisadiyyatımızın inkişafına maneə olur. Bu gün biz əmin olmalıyıq ki, bizim səsimiz bütün cəmiyyətlər tərəfindən eşidiləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfərə gəlib.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.