Bakı. Trend:
İyunun 13-də Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun Beşinci İclası keçirilib.
Trend Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, iclas iştirakçıları Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasətinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də regional təhlükəsizliklə bağlı daha geniş məsələlərə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd edilib. Azərbaycan tərəfi İrəvan və Bakı arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb. Aİ nümayəndələri regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz yaratmaq məqsədilə sülh prosesinə davamlı dəstəyini vurğulayıblar.
Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb.
Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə prosesinə dəstəyi və mina qurbanlarına yardımı qiymətləndirilib. Bildirilib ki, Aİ-nin "Team Europe" təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramının həyata keçirilməsinə yardım davam etdiriləcək. Azərbaycan tərəfi də Avropa Sülh Fonduçərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu təsdiqləyib.
Görüşün sonunda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər. Həmçinin, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq sahələrində konstruktiv işin vacibliyi vurğulanıb.
Tədbirə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmsədrlik ediblər.