"Hər hansı ölkənin tələbi ilə Ermənistan öz Konstitusiyasını dəyişməyəcək. Konstitusiyada dəyişikliklər etmək və ya etməmək Ermənistanın daxili işi, Ermənistan vətəndaşlarının qərarı və seçimidir".
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan belə deyib. Bununla da, mənsub olduğu hakimiyyətin mövqeyini bir daha açıqlayıb.
Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesinə, nəqliyyat kommunikasiyalarının bərpasına və yeni loqistik marşrutlarına açılmasına olan münasibəti bəyan edilən kimi deyil.
Ermənistan rəhbərliyi yalnız sözdə sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesə sadiqdir və fəallıq edir, reallıqda isə rəsmi İrəvan bu prosesi ləngitmək üçün sürəkli qaydada süni maneələr yaradır.
Ermənistanın 1990-cı il avqust ayında qəbul etdiyi Müstəqillik Bəyannaməsi ölkənin müstəqilliyinə gedən yolda mühüm addım kimi dəyərləndirilir. Bu bəyannamədə qeyd olunan bəzi maddələr regionda davamlı sülhün təmin olunmasına maneə yaradan amillərdən biri kimi çıxış edir. Xüsusilə, bəyannamədə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə olan ərazi iddiaları açıq şəkildə ifadə olunur. Bu iddialar həm Ermənistanın daxili qanunvericiliyində, həm də beynəlxalq arenada ciddi problemlər yaratmaqdadır.
Ermənistan Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində "Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi" olduğu vurğulanır. Bu maddə sovet dövründə mübahisəli ərazi olan Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi istiqamətində bir niyyət bəyanatı olaraq qəbul edilir. Bəyanat eyni zamanda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən bir hüquqi baza kimi nəzərdən keçirilir.
Ermənistanın bu bəyannamədəki mövqeyinin Konstitusiya ilə təsdiqlənməsi Ermənistan-Azərbaycan münaqişəsinin davamlı şəkildə həll olunmaması üçün bir əsas yaradır. Ermənistanın hazırkı Konstitusiyasında da bu ərazi iddialarının izi qalıb. Bu səbəbdən Ermənistanın Konstitusiyasında ciddi dəyişikliklərin edilməsi zəruridir. Bu dəyişikliklər Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla münasibətlərini düzəltməsinə, xüsusilə də Qarabağla bağlı iddialarından əl çəkməsinə xidmət etməlidir.
Konstitusiyada ediləcək dəyişikliklər Ermənistanın beynəlxalq hüquq normalarına uyğunlaşmasını və qonşu ölkələrlə münasibətlərini normallaşdırmasını təmin etməlidir. Bu, yalnız Ermənistanın demokratik inkişafı üçün deyil, eyni zamanda, regionda davamlı sülhün təmin olunması üçün də vacibdir.
Ermənistanın hakimiyyət dairələrinin inadkar mövqeyi, yəni Qarabağla bağlı ərazi iddialarından əl çəkməmək və Konstitusiya dəyişikliklərindən yayınmaq cəhdləri, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlar prosesini ləngidir. 2020-ci il Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb və Ermənistanın bu reallıqları qəbul etməsi qaçılmazdır.
Azərbaycan tərəfi hər zaman Ermənistanla sülh müqaviləsinin imzalanması və iki ölkə arasında davamlı sülhün təmin olunması üçün konstruktiv mövqe nümayiş etdirib. Lakin, Ermənistanın ərazi iddialarını davam etdirməsi, sülh prosesinin sürətlənməsinə mane olur. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını tələb edir və Ermənistanı bu istiqamətdə addımlar atmağa çağırırdı.
Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycan ərazilərinə olan iddialar, regionda sülhün təmin olunmasına mane olan əsas faktorlardan biridir. Bu iddiaların Konstitusiya dəyişiklikləri yolu ilə aradan qaldırılması, həm Ermənistanın beynəlxalq hüquq qarşısında öhdəliklərinin yerinə yetirilməsi, həm də Azərbaycanla davamlı sülhün təmin olunması üçün vacibdir. Ermənistan hakimiyyətinin inadkar mövqeyindən əl çəkməsi, bölgədə sabitlik və sülhün təmin olunmasına doğru atılan mühüm bir addım olacaq.
Ermənistanın müstəqillik əldə etməsindən bəri ölkədəki bəzi siyasi və ictimai dairələrdə şovinizm və qisasçılıq təmayülləri özünü göstərir. Xüsusilə, Qarabağ münaqişəsindən sonra Ermənistan cəmiyyətində revanşist mövqelər daha da gücləndi. Bu təmayüllər, əsasən, Qarabağın itirilməsini qəbul etməyən və Azərbaycanla barışıq danışıqlarını təhdid kimi görən qrupların təsir dairəsindədir. Ermənistanda bu təmayüllərin güclənməsi, ölkənin gələcəkdə regionda sabitliyi təhlükə altına atacaq addımlar ata biləcəyini göstərir.
Son illərdə Ermənistan ordusunun silahlandırılması prosesi sürətlənib. Bu prosesdə əsasən ABŞ və Avropa İttifaqının hərbi və hərbi-texniki yardımları xüsusi yer tutur. Ermənistanın yeni nəsil silahlarla təchiz edilməsi, NATO standartlarına uyğun modernləşdirmə proqramları və hərbi kadrların təlimi sahəsində genişmiqyaslı işlər aparılır.
ABŞ-ın Ermənistana verdiyi hərbi yardımların əsas məqsədi, Ermənistanın NATO standartlarına uyğun silahlı qüvvələrə malik olmasını təmin etməkdir. Bu yardımlar arasında hərbi təlim, kəşfiyyat texnologiyalarının təchizatı, rabitə sistemlərinin yenilənməsi və müxtəlif hərbi avadanlıqların təmin edilməsi daxildir. Avropa İttifaqı da Ermənistana müdafiə sənayesi sahəsində yardım göstərərək, xüsusilə təhlükəsizlik sektorunun islahatı və modernləşdirilməsi prosesində aktiv iştirak edir.
Ermənistanın şovinizm və qisasçılıq təmayülləri ilə silahlandırılma prosesinin eyni zamanda baş verməsi, Cənubi Qafqazda gərginliyi daha da artırır. Regionda sülh prosesini təhlükəyə atan bu dinamika, xüsusilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini zədələyə bilər. Ermənistanın hərbi potensialının artırılması və şovinizm təmayüllərinin güclənməsi, Ermənistanın qonşu dövlətlərə qarşı daha aqressiv siyasət yürütməsinə səbəb ola bilər.
Son illərdə Ermənistanda müşahidə olunan şovinizm və qisasçılıq təmayüllərinin güclənməsi, ordunun sürətlə silahlandırılması ilə birləşərək regionda təhlükəli bir vəziyyət yaradır. ABŞ və Avropa İttifaqının Ermənistana göstərdiyi hərbi və hərbi-texniki yardımlar, regiondakı güc balansını dəyişdirə və yeni münaqişə ocaqları yarada bilər. Bu səbəbdən, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın bu siyasətlərini nəzərdən keçirməsi vacibdir.
Unutmayaq ki, son iki ildə Ermənistanla ABŞ arasındakı əlaqələrdə maliyyə və hərbi yardımlar mühüm yer tutur. Bu yardımlar Ermənistanın daxili stabilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafının sürətləndirilməsi və təhlükəsizlik sahəsində qabiliyyətlərinin artırılması məqsədi daşıyır.
ABŞ tərəfindən Ermənistana son iki il ərzində ayrılan maliyyə və hərbi yardımların əsas proqramlara nəzər salaq:
1. ABŞ-ın Ermənistan üçün maliyyə yardımları
Economic Support Fund (ESF): ABŞ-ın İqtisadi Dəstək Fondu (ESF) Ermənistanın iqtisadi islahatlarının dəstəklənməsi məqsədilə nəzərdə tutulub. 2022-ci və 2023-cü illərdə ESF çərçivəsində Ermənistana ayrılan yardımların ümumi həcmi təxminən 25 milyon dollar təşkil etmişdir. Bu vəsaitlər guya “yerli biznesin inkişafı, enerji sektorunun təkmilləşdirilməsi və demokratiyanın gücləndirilməsi” məqsədilə istifadə olunub.
USAID Demokratik İdarəetmə Proqramları: ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə həyata keçirilən “demokratik idarəetmə” proqramları kağız üzərində “Ermənistanın demokratik proseslərinin təkmilləşdirilməsi, müstəqil məhkəmə sisteminin formalaşdırılması və insan hüquqlarının qorunması sahəsində dəstək” məqsədi daşıyır. Son iki ildə bu proqramlara təxminən 18 milyon dollar ayrılıb.
Foreign Military Financing (FMF): Xarici Hərbi Maliyyələşdirmə proqramı (FMF) çərçivəsində ABŞ Ermənistan ordusunun modernləşdirilməsi üçün hərbi texnika və təlimlərin təmin edilməsi məqsədilə vəsait ayırır. 2022-ci və 2023-cü illərdə bu proqram çərçivəsində Ermənistana təxminən 15 milyon dollar həcmində maliyyə yardımı edilib.
2. ABŞ-ın Ermənistan üçün hərbi yardımları
International Military Education and Training (IMET): Beynəlxalq Hərbi Təhsil və Təlim proqramı (IMET), Ermənistan ordusunun zabitlərinin və digər hərbi personalının ABŞ-da təhsil və təlim keçməsini təmin edir. 2022-2023-cü illərdə bu proqram çərçivəsində 2 milyon dollar həcmində yardım ayrılıb.
Nonproliferation, Anti-terrorism, Demining, and Related Programs (NADR): Bu proqram, Ermənistanın terrorizmə qarşı mübarizə və silahların yayılmasının qarşısını almaq üzrə qabiliyyətlərini artırmaq məqsədilə həyata keçirilir. Son iki ildə NADR proqramı çərçivəsində Ermənistana 5 milyon dollar məbləğində yardım edilib.
Foreign Military Sales (FMS): ABŞ-ın Xarici Hərbi Satışlar proqramı (FMS) çərçivəsində Ermənistan ABŞ-dan hərbi avadanlıq və texnika alır. Bu proqramla bağlı rəsmi məlumatların həcmi məhduddur, lakin son iki ildə Ermənistana ayrılan FMS vəsaitlərinin ümumi həcminin 10 milyon dolları keçdiyi ehtimal edilir.
Avropa İttifaqının Ermənistana ayırdığı yardımlar
Avropa İttifaqı da Ermənistanla olan əlaqələrini gücləndirmək məqsədilə son illərdə bir sıra maliyyə və hərbi yardımlar həyata keçirməkdədir. Bu yardımlar, əsasən iqtisadiyyat, demokratik institutların gücləndirilməsi və təhlükəsizlik sahələrini əhatə edir.
1. Avropa İttifaqının maliyyə yardımları
Eastern Partnership Economic Development Program (EPEP): Şərq Tərəfdaşlığı İqtisadi İnkişaf Proqramı (EPEP) çərçivəsində “Ermənistan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafının dəstəklənməsi” məqsədilə təxminən 30 milyon avro həcmində yardım edilib.
European Neighbourhood Instrument (ENI): Avropa Qonşuluq Aləti (ENI) vasitəsilə “Ermənistanın demokratik proseslərinin dəstəklənməsi, insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin gücləndirilməsi” üçün maliyyə yardımları həyata keçirilir. Son iki ildə bu proqram çərçivəsində Ermənistana 20 milyon avro ayrılıb.
EU4Business Initiative: Bu təşəbbüs, Ermənistanın kiçik və orta biznes sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması məqsədilə maliyyə dəstəyi təmin edir. 2022-ci və 2023-cü illərdə bu proqram çərçivəsində Ermənistana təxminən 15 milyon avro həcmində vəsait ayrılıb.
2. Avropa İttifaqının Hərbi Yardımları
EU Advisory Mission in Armenia (EUAM Armenia): Avropa İttifaqının Ermənistanda Müşavirə Missiyası, Ermənistanın təhlükəsizlik və müdafiə sektorunun islahatına dəstək məqsədilə həyata keçirilir. Bu missiya çərçivəsində hərbi təlimlər, texniki məsləhətlər və məsləhətçilər təmin edilir. Son iki ildə bu missiyanın büdcəsi təxminən 10 milyon avro təşkil edib.
Common Security and Defence Policy (CSDP) Missions: Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) missiyaları çərçivəsində Ermənistanın təhlükəsizlik və müdafiə qabiliyyətlərinin artırılması məqsədilə dəstək göstərilir. Bu proqramın əsas məqsədi Ermənistanın regional təhlükəsizliyini gücləndirməkdir. 2022-2023-cü illərdə CSDP missiyaları çərçivəsində Ermənistana 8 milyon avro həcmində yardım olunub.
… Ermənistanın daxili işləri təbii ki, tavtalogiya olsa belə, onun daxili işləridir. Amma Ermənistanın Konstitusiyası ölkəmizin həyati maraqlarına təhdid yaradırsa, ölkəmizə qarşı ərazi iddialarını legitimləşdirsə - bu, artıq ermənilərin daxili işi ola bilməz. Beynəlxalq hüququn təməl prinsipini anlamadığına görə Ermənistan artıq ağır hesab ödəyib.
İndi ordusunun sürətlə silahlandıran, ABŞ, Fransa və Avropa Birliyindən sürəkli yardımlar alan İrəvan yenə inad edərək revanşizmə qapılarsa, yeni hesab daha böyük ola bilər.