Bakı. Trend:
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.
Trend xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən dairələr üzrə ümumilikdə 429 məntəqədə səsvermə keçirilir. Seçicilər yeddi seçki dairəsi üzrə namizədliyi qeydə alınan 53 namizəd arasında seçim edirlər.
Şimal bölgəsi üzrə səsvermə hüququ olan 345 min 248 seçici qeydiyyata alınıb.
Bölgənin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 104 yaşlı Meynas Maqsudovadır.
55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsi dairə seçki komissiyasının sədri Rəşad Nuriyev bildirib ki, seçkilər bütün məntəqələrdə nəzərdə tutulan vaxtda və qaydalara uyğun başlayıb.
“Səsvermənin ilk dəqiqələrindən seçici aktivliyi müşahidə olunur. Bizim dairə üzrə 72 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə 49 mindən çox seçici səs vermək hüququna malikdir. 72 məntəqədə 953 müşahidəçi prosesi izləyir. Səsvermə başlayandan bütün məntəqələrlə əlaqə yaradılıb. Hər şey qaydasındadır”, - deyə Rəşad Nuriyev söyləyib.
Şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələrinin hər biri üzrə seçici fəallığı müşahidə olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.
Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.
Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.
598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.
Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.
Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.
Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.