Bakı. Trend:
Türkiyənin Bursa şəhərində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinin tanıdılması məqsədilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbir Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin dəstəyi ilə, Peşəkar Qənnadçılar Birliyi, Gənclərin Töhvəsi İctimai Birliyi və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Bursa şəhərində yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak ediblər.
Tədbir Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinin anılması və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi Birliyinin rəhbəri Məhsəti Hüseynova və Gənclərin Töhvəsi İctimai Birliyinin başçısı Asim Vəliyev çıxış edərək Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs edib və iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
Çıxışlarda Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və ənənəvi yeməkləri haqqında geniş məlumat təqdim edilib.
Peşəkar Qənnadçılar Birliyinin sədri Eynur Nağdəliyev və müavini Roman İmamquliyev isə Qərbi Azərbaycan mətbəxi və şirniyyatları haqqında danışaraq, qonaqlara xüsusi hazırlanmış milli şirniyyatları təqdim ediblər.