Bakı. Trend:
İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından keçən 3 il ərzində Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı.
Bu sözləri Trend-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov xatırladıb ki, 2023-cü ilin yay aylarında həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərində yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyi xeyli artırmışdı. “Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurdular. Ölkəmiz 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etmir, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırırdı. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir hal idi. Azərbaycan dövləti isə bu kimi halların qarşısını almaq iqtidarında olmaqla yanaşı, eyni zamanda da bunu həyata keçirmək kimi legitim hüquqa sahib idi.”
Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi: “Lakin ölkəmizin bütün bu sülh çağırışları cavabsız qaldı. Ermənilər Azərbaycanın humanist çağırışlarını dəyərləndirmək əvəzinə canlı qüvvələrinin sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 2023-cü il sentyabrın 19-da erməni silahlı qüvvələri yenidən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri başlanıldı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın keçirdiyi bir günlük antiterror əməliyyatı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşdı”.