Bakı. Trend:
Dörd il öncə Azərbaycan qazandığı zəfər ilə sadəcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda bütün dünyaya öz gücünü ən aydın şəkildə sübut etdi və nümayiş etdirdi.
Trend-in məlumatına görə bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Bakıda Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.
"Bunun nəticəsi idi ki, Azərbaycan bu gün dünyada bir sıra vacib, qlobal mövzularda sadəcə iştirakçı yox, eyni zamanda təşkilatçı və qərarverici roldan çıxış edir.
Təsadüfi deyil ki, bunun nəticəsidir ki, Azərbaycan son illərdə bir sıra vacib beynəlxalq təşkilatlarda, beynəlxalq konfranslarda ev sahibliyi rolundan çıxış edir. Qarşıdan gələn günlərdə ölkəmizdə təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi Konfransı da bunun bir nümunəsidir.
Bu gün Qarabağ yenidən qurulur, yenidən tikilir. İşğaldan azad olunmuş əzəli torpaqlarımız öz əsl sahiblərinə qaytarılır. Tarixi zəfərimizlə başlayan bu proses əslində dünyaya bir daha Azərbaycanın bu gücünün sadəcə ordu gücü yox, eyni zamanda mədəni intellektual gücü olduğunu sərgilədi və sərgiləməkdə davam edir", - deyə B.İslamov vurğulayıb.