Bakı. Trend:
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Trend xəbər verir ki, bunu ISESCO-nun sosial və humanitar elmlər departamentinin direktoru Ramata Almami Mbaye “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.
"ISESCO-da biz Azərbaycanla tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və bu əməkdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözləyirik. Bu konfrans bizə mədəni irsin qorunmasının vacibliyini xüsusilə münaqişələr şəraitində bir daha xatırladır. Mədəni irs yalnız binalar və artefaktlardan ibarət deyil. Bu, xalqlarımızın tarixi və kimliyidir. Bu, bizim mirasımız, rifahımız, hər bir insanın sabitliyi və sosial birliyidir. Bu, birgə yaradıcılıq və birgə yaşayışdır", – deyə departament direktoru bildirib.
Onun sözlərinə görə, ISESCO-da mədəni irsin qorunması və təbliği həmişə əsas prioritetlərdən biri olub. Mədəni irs keçmişlə gələcək arasında körpüdür. O, ümumi tarixi anlamağa və qarşılıqlı hörmət yaratmağa kömək edir.
"Bu irsin qorunması, xüsusilə münaqişə zonalarında, komanda işi, məsuliyyət və kollektiv səylər tələb edir. Biz məhz bu məqsədlə bu gün buraya toplaşmışıq. ISESCO-nun Azərbaycan və bütün üzv dövlətlərlə əməkdaşlıq edərək mədəni irsimizi qorumağa, təbliğ etməyə və yaymağa sadiq olduğunu bir daha təsdiqləmək istəyirəm", – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı keçirilib.
Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.
Tədbirdə aşağıdakı mövzular müzakirə olunub: Qərbi azərbaycanlıların Ermənistandan çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsin bərpası və bu sahədə diplomatik səylər.
Xatırladaq ki, hər il 5 dekabr tarixi 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiyasının ildönümü kimi qeyd olunur. Ötən il də bu mövzuda analoji beynəlxalq konfrans keçirilmişdi. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunmuş beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.