Bakı. Trend:
5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci
iclasında iştirakı çərçivəsində Sloveniya Respublikasının xarici
işlər və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki,
görüş zamanı, Azərbaycan və Sloveniya arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və
beynəlxalq gündəmdə duran məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Sloveniya ilə dostluq,
qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və
çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyini qeyd edib.
Qarşılıqlı səfərlər və daimi siyasi dialoqun əlaqələrimizin daha da
inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
İqtisadiyyat, ticarət, energetika, xüsusilə də “yaşıl enerji”
sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində mühüm imkanların
mövcudluğu diqqətə çatdırılıb.
Qarşı tərəf, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) ev sahibliyi, sədrliyi, sessiyanın yekunları barədə ətraflı
məlumatlandırılıb, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə
istiqamətində beynəlxalq səylərə bundan sonra da töhfə verməkdə
davam edəcəyi qeyd olunub, bu istiqamətdə əməkdaşlığa hazır
olduğumuz bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə
Azərbaycan-Ermənistan normallaşma gündəliyində son durum barədə
məlumatlandırıb.
Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı maraq kəsb edən
mövzular ətrafında fikir mübadiləsi aparılıb.