Bakı. Trend:
6 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa
və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq
məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma
prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq
münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində
ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ
əməkdaşlığı yüksək qiymətləndirilib.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə
vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə
aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi
üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın
Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq
təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə
qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl
çəkməyin vacibliyi vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.