Bakı. Trend:
İki il əvvəl fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı dəhşətli iki zəlzələ baş verdi.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Rəsmi rəqəmlərə görə, zəlzələdə Türkiyədə 53 min 537 nəfər həlak olub, minlərlə insan yaralanıb.
Bu çətin anlarda Azərbaycan həmişəki kimi qardaş ölkənin yanında oldu. Türkiyəyə ilk yardım göndərən ölkələrdən biri ölkəmiz oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət qurumlarımız səfərbər oldular.
Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edərək 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına təhvil veriblər.
Azərbaycan xalqı da öz əlindən gələn köməyi etdi. Bu şəkil qardaşlığın ən bariz göstəricisidir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə zəlzələ qurbanlarına dəstək məqsədilə humanitar yardımlar göndərildi. Bu yardımlar çərçivəsində müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar və.s avadanlıqlar çatdırıldı.
Azərbaycan qardaş ölkəyə təkcə zəlzələ zamanı köməklə kifayətlənmədi. Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verdi. Belə ki, 2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən, işlərin çoxu görülüb.
Belə ki, ötən ilin sentyabrında Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışı baş tutub.
“Azərbaycan” məhəlləsində ümumilikdə 1278 iki, üç və dördotaqlı mənzillərin, həmçinin 826 ofis və ticarət obyektinin yerləşəcəyini bildirilib.
Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.
Göründüyü kimi zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır.
Bütün bunlar iki ölkə arasında dostluq və qardaşlıq bağlarının necə möhkəm olmasını göstərir.