Bakı. Trend:
14 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında
iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri
Marko Curiçlə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan-Serbiya strateji tərəfdaşlıq gündəliyində duran
mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında mövcud dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə verilən davamlı dəstək məmnunluqla qeyd olunub.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.