Bakı. Trend:
Azərbaycanın Pakistanın da üzvü olduğu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olması bu beynəlxalq platforma çərçivəsində iqtisadi əlaqələrin genişlənməsinə təkan verib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.
"Bu, Azərbaycan üçün təşkilata üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahəsində yeni üfüqlər açır", - o deyib.
Nazir vurğulayıb ki, dost və qardaş ölkələr arasında parlamentlərarası əlaqələrin inkişafına da xüsusi diqqət yetirilir. Azərbaycan Milli Məclisində Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Pakistan İslam Respublikası Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
"Azərbaycan və Pakistan arasında əlaqələr təkcə siyasətdə deyil, həm də iqtisadi, müdafiə, ticarət və digər sahələrdə uğurla inkişaf edir. İki ölkənin hökumətləri əməkdaşlığın genişləndirilməsi üçün ciddi səylər göstərirlər".
Vüqar Mustafayev qeyd edib ki, Azərbaycanla Pakistan arasında münasibətlər iki dövlətin strateji tərəfdaşlığından kənara çıxır, qardaşlıq və qarşılıqlı etimada əsaslanan dostluq nümunəsidir.