Bakı. Trend:
Londonda dərc edilən nüfuzlu “Diplomat” jurnalının təşkil etdiyi illik mükafatlandırma mərasimində Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov "İlin diplomatı" adına layiq görülüb. Bu mükafat ona "iqlim diplomatiyasına verilən töhfəyə görə" kateqoriyasında təqdim olunub.
Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən məlumat verilib.
Artıq 15 ildir keçirilən bu tədbir Londonda diplomatik təqvimin ən vacib mərasimlərindəndir.
200 nəfərədək qonağın qatıldığı tədbirdə mükafatı qəbul edər zaman səfir Süleymanov, bu təltifin ilk növbədə Azərbaycanın iqlim siyasətinə verdiyi töhfənin və ölkənin dayanıqlı inkişaf sahəsindəki səylərinin yüksək qiymətləndirilməsi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin iqlim məsələlərinə verdiyi önəmin və baxışının nəticəsidir.
Səfir bu mükafatın həm də COP29-un Sədrliyi Komandasının əməyi və zəhmətinə verilən qiymət olduğunu qeyd edib.
İqlim dəyişikliyinin qlobal miqyasda əsas çağırışlardan biri olduğunu xatırladan diplomat, Azərbaycanın COP29 sədri kimi bu sahədə aktiv fəaliyyəti davam etdirdiyini və iqlim məsələlərini bundan sonra da beynəlxalq gündəmdə saxlamaq niyyətində olduğunu bildirib.
Diplomat çıxışında il ərzində iqlim mövzusunda faydalı əməkdaşlığa görə Londondakı diplomatik missiyalara və Britaniya tərəfinə təşəkkürünü ifadə edib.