...

Qətiyyətli lider, müzəffər Ali Baş Komandan

Siyasət Materials 24 Dekabr 2025 09:09 (UTC +04:00)
Qətiyyətli lider, müzəffər Ali Baş Komandan

Bakı. Trend:

Başa çatmaq üzrə olan 2025-ci il xalqımızın tarixinə mühüm siyasi və iqtisadi nailiyyətlərlə zəngin bir dövr kimi həkk olunacaq. Bu ilin mənzərəsi göstərir ki, həm siyasi, həm iqtisadi, o cümlədən sosial sferada müəyyən edilən bütün vəzifələr yerinə yetirilib, Azərbaycan regionda və qlobal arenada öz mövqelərini daha da gücləndirib. Ümumilikdə isə ilin bütün siyasi və iqtisadi hadisələri Azərbaycanın özünün bütün hədəflərinə doğru qətiyyətlə irəlilədiyini və məqsədlərinə çatdığını təsdiq edir.

Lakin yalnız 2025-ci ilin deyil, geridə qoyduğumuz digər illərin də reallıqlarına nəzər salsaq görərik ki, respublikamızın tarixi ən möhtəşəm uğurlarla əlamətdardır. Və bütün bunlar ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyalarının və Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan qarşısında dayanan əsas strateji məqsədlərinə nail olub. Bu siyasətin nəticəsidir ki, respublikamız region və qlobal səviyyədə siyasi və iqtisadi proseslərdə fəal iştirak edir, əməkdaşlıq əlaqələrini stimullaşdırır, dünyada sülhə və təhlükəsizliyə mühüm töhfələr verir.

Ümumiyyətlə, Azərbaycanın bütün uğurları ilk növbədə Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, verdiyi bütün vədləri layiqincə yerinə yetirdiyini göstərir. Hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində dövlət başçısı İlham Əliyev demişdi:

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Geridə qoyduğumuz 22 ildən bir qədər artıq dövrün mənzərəsi Prezident İlham Əliyevin bu sitatında yer alan bütün fikirlərin real həyata vəsiqə aldığını tam miqyası ilə təsdiq edir. Öncə onu qeyd edim ki, bu illər ərzində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi və zamanın çağırışlarından irəli gələrək daha da zənginləşdirilməsi Azərbaycanın inkişafında dayanan əsas ideoloji təməl kimi çıxış edib. Nəticə etibarilə Azərbaycan tarixinin ən sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub, ildən ilə iqtisadiyyatda artım baş verib, vətəndaşların sosial rifahı daha da yaxşılaşıb.

Ötən dövr ərzində iqtisadi və sosial göstəricilərin yüksəlməsində ilk növbədə Prezident İlham Əliyevin başlatdığı yeni islahatların düşünülmüş və əsaslandırılmış olması, o cümlədən, enerji sferasında qarşıya qoyulan vəzifələrin tam reallaşdırılması mühüm rol oynayıb. Bu islahatlar nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilib, yeni sənaye sahələri yaradılıb. İqtisadiyyatda diversifikasiyanın baş verməsi ölkə üzrə ümumi əmsalda qeyri-neft sektorunun payını əhəmiyyətli artırıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, daha sonra Cənub Qaz Dəhlizinin işə salınması nəticəsində ölkəmizin artan maliyyə imkanları iqtisadi sferada, xüsusən qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı qarşıda dayanan strateji vəzifələrin daha çevik və səmərəli şəkildə yerinə yetirilməsində mühüm rol oynayıb.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın müəllifi olduğu bütün neft-qaz kəmərlərinin inşası və istifadəyə verilməsi də ilk növbədə Prezident İlham Əliyevin qətiyyətli siyasətindən xəbər verir. Dövlətimizin başçısı bu yolda bütün maneələri, o cümlədən erməni lobbisinin yaratdığı əngəlləri qətiyyətlə dəf edib. Tarixdə ilk dəfə olaraq Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarıb. Bunun nəticəsidir ki, indi Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində söz sahibi olan dövlətdir. Hazırda Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Prezident İlham Əliyevin nə qədər müdrik və uzaqgörən enerji siyasəti yürütdüyü aydın görünür. Təsadüfi deyil ki, hazırda bir sıra Avropa dövlətləri öz enerji təhlükəsizliklərinə görə məhz Azərbaycana minnətdardırlar.

Respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurların miqyası olduqca böyükdür. Bu sırada Azərbaycanın regionun nəqliyyat habına çevrilməsi, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal rol oynaması, kosmik kluba daxil olması, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi, dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınması Prezident İlham Əliyevin rəhbərliyinin mühüm siyasi nəticələridir.

Dövlət başçısının liderliyi ilə xalqımızın nail olduğu ən böyük uğur isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. İlham Əliyev hələ 2003-cü ildə Azərbaycan Prezidenti kimi and içərkən torpaqlarımızın işğaldan azad olunmasını öz fəaliyyətinin prioritetlərindən biri olaraq müəyyən etdi. Dövlətimizin başçısı hər zaman torpaqlarımızın azadlığı məsələsində qətiyyətli siyasət yürütdü, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini hər zaman qətiyyətlə bəyan etdi. Eyni zamanda hər zaman açıq mətnlə bildirdi ki, danışıqlar nəticəsiz qalarsa, Azərbaycan dövləti öz ərazilərini müharibə yolu ilə işğaldan azad edəcək. Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi dövlət başçısı İlham Əliyevin bu barədə fikirlərinin real həyatdakı təsdiqi oldu. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” - deyən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi. Bu zəfərin davamı kimi 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində Qarabağdakı separatçı rejim darmadağın edilərək, Azərbaycan dövlətinin milli suverenliyi, konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimiz üzərində bərqərar olundu.

Dövlət və xalq məhz bu cür qələbələrlə ucalır. Bu baxımdan Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpasının müəllifi kimi xalqımızın başını uca etdi, Azərbaycana dünyada yüksək ehtiram qazandırdı. Prezident İlham Əliyev özü isə dünyanın ən nüfuzlu siyasi liderləri cərgəsində dayanır.

Bu günlərdə ad günü münasibətilə Prezident İlham Əliyevin ünvanına dünyanın hər yerindən, dövlət və hökumət başçılarından, beynəlxalq təşkilatların sədrlərindən, ictimai xadimlərdən təbrik məktubları gəlir. Bütün bunların hamısı, o cümlədən məktublarda yer alan fikirlər Prezident İlham Əliyevə olan beynəlxalq ehtiramın, dövlətimizin başçısının nüfuzlu siyasi liderlərlə bir cərgədə dayanmasının göstəricisidir.

Respublikamız Vətən müharibəsinin başa çatmasından və ərazi bütövlüyümüzün bərpasından sonra formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə daxil olub. Bu yeni mərhələdə qarşıda duran strateji vəzifələr dövlət müstəqilliyimizi, milli suverenliyimizi, əldə olunan nailiyyətlərimizi daha da möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək və Azərbaycanı inkişaf etmiş dövlətlərin cərgəsinə yüksəltməkdir.

İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın, müasir ordu quruculuğunun davam etdirilməsi, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləridir. Bu mərhələdə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız artıq yeni nailiyyətlərə imza atmaqdadır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti