...

MAURİSİO PAVESİ: "AZƏRBAYCAN HÖKUMƏTİ SEÇKİ KOMİSSİYALARININ TƏRKİBİNİ DƏYİŞMƏLİDİR"

Siyasət Materials 29 İyun 2005 13:39 (UTC +04:00)

ATƏT-in Bakı ofisi seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı öz mövqeyində qalıb. Trend in məlumatına görə, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavesi jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı təmsil etdiyi qurumun mövqeyi, tövsiyələri hökumətin diqqətinə çatdırılıb. Diplomat hesab edir ki, seçki komissiyalarının tərkibində dəyişiklik edilməlidir: "bu il payızda keçiriləcək parlament seçkisi ilə bağlı ATƏT-in mövqeyi aydındır.

Biz dəfələrlə demişik ki, Azərbaycan hökuməti seçki komissiyalarının tərkibini dəyişməlidir. Bunu təkcə biz yox, həm də Avropa Şurası istəyir. Avropa Şurası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə hazırladığı hesabatda da bu məsələlər əksini tapıb"- deyə Maurisio Pavesi bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə aparılan danışıqların nəticəsi də həmin hesabatda ayrıca göstərilib.

Qeyd edək ki, ATƏT parlament seçkilərini müşahidə etmək üçün 300 nəfər nümayəndə göndərəcək. Bir sıra müxalifət partiyaları hesab edirlər ki, bu rəqəm çox azdır və ATƏT daha çox sayda müşahidəçi göndərməlidir. Bu məsələyə münasibətini açıqlayan səfir Maurisio Pavesi bildirib ki, o, müşahidəçilərin sayının az olduğunu düşünmür: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki sahəsitndə ixtisaslaşmış təşkilatdır. Bu qurum indiyədək bir çox ölkələrdə keçirilən seçkiləri müşahidə edib. Əgər bu təşkilat hesab edirsə ki, seçkini izləmək üçün 300 nəfər müşahidəçi göndərilməlidir, deməli, bu qədər sayda müşahidəçi kifayətdir. Həm də nəzərə alın ki, seçkidə digər beynəlxalq qurumlar, təşkilatlar da müşahidəçilər göndərəcəklər"- deyə M.Pavesi əlavə edib.

Xəbər lenti

Xəbər lenti