...

ƏLİ ƏLİYEV: İQTİDAR NÜMAYƏNDƏLƏRİNİN QATILMADIĞI GÖRÜŞ ƏVVƏLKİLƏRLƏ ZİDDİYYƏT TƏŞKİL ETMƏDİ

Siyasət Materials 6 Avqust 2005 14:58 (UTC +04:00)

"Avqustun 5-də Müsavat Partiyasında keçirilən görüşün yekunu bundan əvvəl Yeni Azərbaycan Partiyasının qərargahında keçirilmiş görüşlə eynidir". Bu fikirləri Trend ə AMİP sədri Əli Əliyev bildirib. O, iqtidar-müxalifət partiyalarının görüşü çərçivəsində sonuncu dəfə Müsavatda keçirilən görüşə iqtidar tərəfindən heç kimin iştirak etməməsinin müzakirələrə təsir göstərmədiyini və nəticəni dəyişmədiyini deyib.

Əli Əliyevin sözlərinə görə, əvvəlki görüşdə müzakirə olunan "qara piar" mövzusu bu dəfə də müzakirəyə çıxarıldı və belə hallar pislənildi. Hər iki dəyirmi masada belə görüşlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

"Avqustun 5-də keçirilən görüşün sonunda qəbul olunan bəyannamədə əvvəlki görüşlərdə razılığa gəlinən məqamlar öz əksini tapıb. Ona görə də iqtidar partiyasının qatılmadığı və yalnız müxalifət partiyalarının olduğu görüş əvvəlki görüşlərlə heç bir ziddiyyət təşkil etmədi"-deyə AMİP sədri bildirib.

Əli Əliyevin sözlərinə görə, sonuncu iki görüşdən birinə müxalifət partiyalarının, digərinə iqtidar tərəfinin qatılmaması anlaşılmazlıq kimi qəbul edildi və növbəti dəfə bu problemin yaranmaması üçün ortaq məxrəcə gəlinməsi qərara alınıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da iqtidar-müxalifət partiyalarının görüşünü həm bu siyasi tərəflərin, həm də cəmiyyətin maraqlarına uyğun olduğunu deyib. O, bildirib ki, növbəti raundda ev sahibliyi edəcək VHP yenidən ziddiyyətlər yaranmamasına çalışacaq.

Xəbər lenti

Xəbər lenti