...

AXCP QARŞISINDA NÖVBƏTİ AKSİYA QARŞIDURMA İLƏ MÜŞAYİƏT OLUNUB

Siyasət Materials 9 Avqust 2005 19:16 (UTC +04:00)

Avqustun 9-da saat 13.15 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) qərargahı qarşısında növbəti dəfə keçirilən etiraz aksiyası qarşıdurma ilə müşaiyət olunub. Trend in məlumatına görə, əsasən Müasir Müsavat Partiyasının üzvləri olan etirazçıların AXCP-yə yaxınlaşmasına imkan verməmək üçün partiya fəalları Rəşid Behbudov küçəsi ilə Xəqani küçəsinin kəsişməsində yolu bağlayıb, canlı sədd yaradıblar.

Partiyanın qarşısında mitinq keçirmək istəyən adamlar qarşı tərəfə müxtəlif əşyalar atmağa başlayıblar. AXCP fəalları da eyni üsulla onlara cavab verib. Qarşılıqlı şəkildə bir-birilərinə daş parçası, su qabı, yumurta atan tərəflərin bu "atışmasından" bir neçə dəqiqə sonra polis qarşıdurmaya müdaxilə edib. Qarışıqlıq təxminən 40 dəqiqə davam edib, "Dövlətə qarşı çıxanları rədd edirik!" şüarını səsləndirən etirazçılara cavab olaraq AXCP üzvləri də "Əli bəy" şüarı səsləndiriblər. Hər iki tərəfdən xəsarət alanlar var.

AXCP yaxınlığından baş vermiş bu hadisədən sonra partiya sədri Əli Kərimli mətbuat konfransı keçirib, baş verənləri onlara qarşı növbəti təxribat adlandırıb. Onun sözlərinə görə, partiyaya hücum etməyə cəhd göstərənlər bu məqsədlə Gəncədən gətirilən və xüsusi hazırlanmış şəxslərdir. Ə.Kərimli deyib ki, iqtidar vətəndaş qarşıdurması yaratmaqla seçki prosesini pozmağa çalışır, hətta güc strukturları AXCP-yə qarşı yeni bir təxribat hazırlayır.

Onun sözlərinə görə, təxribat ssenarisi də hazırlanıb və bu plan partiyanın qarşısında növbəti dəfə təşkil olunacaq etiraz aksiyasında həyata keçirləcək. "Bizə qarşqıdurma lazım deyil, bizim məqsədimiz demokratik seçki keçirib qalib gəlməkdir. Biz hakimiyyəti yalnız seçki yolu ilə almağı düşünürük"-deyə Ə.Kərimli vurğulayıb.

O, partiyasının üzvlərinə təxribata uymamaqla bağlı tapşırıqlar da verib.

Xəbər lenti

Xəbər lenti