Prezident İlham Əliyev avqustun 10-da İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marqarita Kostanı onun respublikada diplomatik fəaliyyətinin başa çatması ilə bağlı olaraq qəbul edib.
İki ölkə arasında əməkdaşlığın uğurlu inkişafını qeyd edən Azərbaycan dövlətinin başçısı İtaliyanın respublikamızdakı səfiri kimi Marqarita Kostanın fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, diplomatik missiyasının başa çatmasına baxmayaraq M. Kosta gələcəkdə də Azərbaycana gələcək.
Dövlət başçısı xatırladıb ki, cari ilin iyunun 19-da Marqarita Kostanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb və həmin mükafatı şəxsən İtaliya diplomatına təqdim edib.
Öz növbəsində M.Kosta prezidentə yüksək mükafata görə təşəkkür edib və Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilməsini özü üçün böyük şərəf hesab etdiyini vurğulayıb.