...

YASAMAL RAYON POLİS İDARƏSİNİN TABELİYİNDƏKİ MÜVƏQQƏTİ SAXLANMA YERLƏRİNDƏ YOXLAMALAR APARILIB

Siyasət Materials 2 Sentyabr 2005 19:05 (UTC +04:00)

Sentyabrın 2-də Avropa Şurasının İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla onun müavini Bayram Sadıqov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan bir neçə müvəqqəti saxlanma yerində monitorinq keçirib. Bu barədə Trend ə Elçin Behbudov məlumat verib.

Komitə sədrinin sözlərinə görə, monitorinq Yasamal rayon Polis İdarəsində (RPİ), həmçinin bu idarənin tabeliyində olan 26, 27, 28 və 29-cu bölmələrində həyata keçirilib. E.Behbudov: "Yoxlamaları Daxili İşlər Naziri Ramil Usubovun müvafiq icazəsi əsasında keçiririk.

Məqsədimiz raslaşdığımız neqativ halları nazirin diqqətinə çatdırmaq və bu yolla müvəqqəti saxlanma yerlərində belə halların qarşısının alınmasına nail olmaqdır. İlk monitorinqimizi Yasamal RPİ-nin və həmin rayon şöbələrinin saxlanma yerlərində keçirdik".

Komitə sədri onu da bildirdi ki, yoxlama nəticəsində elə bir ciddi nöqsan aşkar olunmayıb. Yasamal RPİ-nin müvəqqəti saxlama təcridxanasında bir nəfər dustaqla söhbət aparıb. Ona qarşı idarə əməkdaşları tərəfindən hər hansı təzyiqin olub-olmaması və ümumiyyətlə, saxlanma şəraiti ilə maraqlanıb.

"Həmin dustaq heç bir narazılıq bildirmədi. Ümumiyyətlə, həm Yasamal RPİ-də, həm də həmin rayonun polis şöbələrində vəziyyət qənaətbəxşdir" - deyə E.Behbudov söyləyib.

Sentyabrın 3-də komitə sədri Bakının başqa rayon polis şöbələrində monitorinqləri davam etdirəcək. Onun sözlərinə görə, bu monitorinqlərlə bağlı ilin sonunda hesabat hazırlanıb həm nazirə, həm də kütləvi informasiya vasitələrinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti