"Ümidvaram ki, eks-spiker, Azərbaycan Demokrat partiyasının lideri Rəsul Quliyev Azərbaycana gələn kimi məhkəmə məsuliyyətinə cəlb olunmayacaq və qarşıdakı parlament seçkilərində iştirak edə biləcək. Bu barədə AŞ PA-nın keçmiş prezidenti, AŞ PA-nın üzvü Lord Rassel-Conson sentyabrın 5-də Bakıda keçirilən "Seçkilər və demokratik inkişaf"a həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, demokratik cəmiyyət yalnız vətəndaşların öz rəhbərlərini sərbəst seçmək hüquqları olduğu halda formala bilər. L.R.Conson müstəqil məhkəmə instansiyalarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, parlament seçkilərinin gedişində barmaqların mürəkkəbə batırılmasından istifadə ilə bağlı təklifləri müsbət qiymətləndirərək, Azərbaycanda bu variantın tətbiqinin münasibliyini qeyd edib. Daha sonra AŞ PA-nın keçmiş prezidenti seçki komissiyasının yaradılması məsələsinə toxunaraq bildirib ki, bu strukturlar iqtidar və müxalifətin birgə səyləri ilə fəaliyyət göstərməlidir. KİV-də seçkiqabağı vəziyyətin işıqlandırılması məsələsinə gəldikdə, L.R.Conson vurğulayıb ki, KİV şəffaf olmalıdır, müxalifətə isə hörmət etmək lazımdır.