Mətbuat Şurasının parlament seçkisi ərəfəsində kütləvi informasiya vasitələrinin geniş monitorinqini aparmaq planı baş tutmayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov Trend ə açıqlamasında bildirib ki, geniş monitorinqin aparılması maliyyə çatışmazlığı üzündən mümkün olmayıb. Çünki ekspertlər qrupunun yaradılması, seçkidən 40 gün əvvəldən başlayaraq seçkidən 10 gün sonraya qədər müddət ərzində hər gün 50-dən çox qəzetin və bütün telekanalların monitorinqini aparmaq, gündəlik hesabatların hazırlanması, tövsiyə və iradlarla bağlı həmin KİV-lərə müraciətlər olunması və digər proseduralar çoxlu maliyyə vəsaiti tələb edir.
Nəzərdə tutulan vaxta qədər həmin maliyyə vəsaiti tapılmayıb və buna görə də geniş tərkibli monitorinq üçün ekspert qrupu yaradılmayıb. Ə.Amaşovun sözlərinə görə, buna baxmayaraq Mətbuat Şurası özü kiçik monitorinqlər aparır: "İctimai rəyə daha çox təsir göstərən 30 qəzetin mütəmadi olaraq monitorinqini aparırıq. Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə bu ilin martına qədər apardığımız monitorinqin nəticələrini kitab şəklində çap etdirəcəyik. Ümumilikdə Mətbuat Şurası dövrü nəşrlərdə seçki ilə bağlı bütün yazılı materialları diqqətlə izləyir"- deyə Ə.Amaşov bildirib.
Qeyd edək ki, kütləvi informasiya vasitələrinin seçki prosesini işıqlandırması ilə bağlı geniş monitorinqi Avropa Şurası ilə birgə Milli Televiziya və Radio Şurası həyata keçirəcək.