Sentyabrın 29-da 25 nəfər hakimliyə namizədin cavab kartları təkrar yoxlanılıb. Trend məlumat verir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən açıq apellyasiyada TQDK sədri Məleykə Abbaszadə, Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İmam Nağıyev və ekspertlər iştirak edib.
Apellyasiyanın keçirilməsinə səbəb sentyabrın 18-də keçirilmiş test imtahanının nəticələrindən narazı qalmış namizədlərin şübhələrinə son qoymaq olub. 25 narazı namizəddən 6 nəfəri apellyasiyada iştirak etməyib.
Apellyasiyada protokoldakı cavab kartları ilə kompyuterdəki cavab kartları arasında müqayisə aparılıb. Proseslər TQDK və HSK nümayəndələrinin, ekspertlərin və KİV əməkdaşlarının müşahidəsi altında keçirilib. Test imtahanından kəsilmiş namizədlər protokoldakı və kompyuterdəki cavabları təkrar təftiş edərkən bir daha əmin olublar ki, imtahanların gedişatında heç bir anlaşılmazlıq yoxdur və onlar sadəcə olaraq bal toplaya bilməyiblər.