...

Fuad Axundov: "Müxalifət xalqı aldada bilməz"

Siyasət Materials 14 Noyabr 2005 14:15 (UTC +04:00)

"Müxalifətin ardıcıl mitinq-yürüş keçirmək niyyəti onların istəyi yox, xaricdə yazılan ssenarinin bir tərkib hissəsidir". Bu barədə Trend ə Prezident Aparatı ictimai-siyasi şöbəsinin siyasi araşdırmalar bölməsinin rəhbəri Fuad Axundov bildirib.

F.Axundov qeyd edib ki, parlament seçkilərinin saxtalaşdırılmasını əsas gətirib mitinq-yürüşlər keçirməklə xalqı dövlət çevrilişinə çağıran və ölkədə qarşıdurma yaratmağa cəhd göstərən "Azadlıq" seçki bloku bəzi xarici və daxili qüvvələrin tapşırığını yerinə yetirir: "Mitinq-yürüşlər keçirməklə müxalifət xalqın səsini qazana bilməyəcək. Xalqın səsini qazanmaqdan ötrü ilk növbədə xalqın etimadını qazanmaq şərt idi. Bunu isə müxalifət əldə edə bilməyib. Müxalifət daim xalqı aldadıb. Hər seçkiöncəsi ictimaiyyət arasında xof yaratmaqla Rəsul Quliyevin Azərbaycana gəlişi barədə yalan məlumat verən müxalifət hansı gücə malik olduğunu bir daha sübut edib".

Prezident Aparatının nümayəndəsi onu da bildirib ki, müxalifətin meydanlarda narıncı rəngli bayraqlar tutmaq və çadır qurmaq istəyi də xaricin Müstəqil Dövlətlər Birliyi üçün hazırladığı narıncı texnologiyanın tələblərindən irəli gəlib: "Mitinqlər keçirməklə müxalifət xalqı inandırmağa çalışır ki, seçkilərdə qələbə qazanıb. Müxalifət yalnız ətrafında olan bir qrup insanı aldada bilər, bütövlükdə xalqı yox. Xalq müxalifətin qiymətini çoxdan verib".

Xəbər lenti

Xəbər lenti