...

Əli Əliyev: AMİP-də mənə qarşı qaldırılan qiyama Etibar Məmmədov rəhbərlik edir

Siyasət Materials 5 Yanvar 2006 17:31 (UTC +04:00)

"AMİP-də mənə qarşı qaldırılan qiyama, partiya daxilində baş verən hadisələrə birbaşa Etibar Məmmədov özü rəhbərlik edir". Trend in məlumatına görə, bu fikirləri yanvarın 5-də mətbuat konfransı keçirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev açıqlayıb.

Qeyd edək ki, partiyanın və Siyasi Şuranın bir qrup üzvü Əli Əliyevi Nizamnaməni pozmaqda, partiyanın maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandıraraq ona etimadsızlıq göstərilməsi məsələsini qaldırıblar.

Əli Əliyev mətbuat konfransında deyib ki, AMİP-in lideri Etibar Məmmədov ona sədr kimi sərbəst fəaliyyət göstərməyə imkan vermir, maneçilik törədir. Ə.Əliyev qeyd edib ki, Siyasi Şuranın bir qrup üzvü partiyanın baş katibi Arzuxan Əlizadənin bu postda qalmasını, həmçinin partiyanın təkrar parlament seçkisində iştirak etməsini istəyirlər və bu amillər yaradılan qarşıdurmanın əsas səbəblərindəndir: "Lakin mən saxta seçkilərin yekun protokoluna imza atan Arzuxan Əlizadənin bu əməlinə şərik olmayacam və onunla bağlı mövqeyim dəyişməyəcəm. Arzuxan Əlizadənin atası özü mənə deyib ki, o, yekun protokola imza atmamışdan qabaq bu məsələni dörd dəfə Etibar Məmmədovla müzakirə edib, ondan sonra bu addımı atıb. Mən başa düşmürəm ki, bu məsləhətləşmənin mahiyyəti nədən ibarətdir"-deyə Əli Əliyev bildirib.

AMİP sədri onu da vurğulayıb ki, partiya daxilində onun əleyhinə aparılan bu kampaniyanın səbəblərindən biri də regionçuluq amilidir. Onun sözlərinə görə, partiyada məqsədli şəkildə regionçuluq faktorunun ortaya atılması ümummilli maraqlar baxımından təhlükəli vəziyyət yarada bilər: "Milli maraqlar hərraca çıxarılan yerdə isə mən heç kəsi tanımayacam"-deyə Əli Əliyev vurğulayıb.

Partiya sədri onu da qeyd edib ki, özünün sədrlik müddətində AMİP-in ikiyə parçalanması mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti