...

Heydər Əliyev Fonduna Puşkin kitabxanasından 2 minə yaxın kitabın hədiyyə verilməsi mərasimi keçirilib

Siyasət Materials 1 Fevral 2006 20:00 (UTC +04:00)
Heydər Əliyev Fonduna Puşkin kitabxanasından 2 minə yaxın kitabın hədiyyə verilməsi mərasimi keçirilib

Fevralın 1-də Heydər Əliyev Fondunda Puşkitn kitabxanası tərəfindən Fonda 2 minə yaxın kitabın hədiyyə verilməsi mərasimi keçirilib. Trend xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xohməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva mərasimi açarkən 2005-ci ilin tarixə bir çox mühüm hadisələrlə daxil olduğunu bildirib. Onlardan biri Rusiyada Azərbaycan İlidir. 2006-cı il Azərbaycanda Rusiya İli elan edilib və onun açılışı ərəfəsində Heydər Əliyev Fondu bu silsilədən olan Puşkin kitabxanasından kitabların Heydər Əliyev adına Fonda təhvil verilməsi ilə bağlı ilk tədbirini keçirib.

Mehriban Əliyevanın sözlərinə görə, bu həmin əsl və həqiqi bədii və elmi ədəbiyyatdır ki, onsuz təkcə təhsili və elmi deyil, bütövlükdə cəmiyyətin həyatını təsəvvür etmək qeyri- mümkündür.

Fondun prezidenti əsas diqqəti 800 kitabdan çox olan dərsliklərə yönəldib. Onun sözlərinə görə, müstəqil dövlətlərdə yeni ictimai-siyasi vəziyyət tamamilə yeni tip dərsliklərin yaradılması məsələsini yetişdirib və Rusiyanın Puşkin kitabxanası bu proqramın işlənməsini dəstəkləyən və onun hazırlanmasında fəal iştirak edən strukturlardan biridir. Mehriban Əliyeva bu problemin Azərbaycanda bu gün çox aktual olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun prezidenti həmçinin, yaxın gələcəkdə hamının Azərbaycanda kitab nəşrinin dirçəlməsinin şahidi olacağına ümidvar olduğunu bildirib. Bu prosesin başlanğıcı kimi o, ölkədə iki il ərzində realizə olunan irimiqyaslı layihənin - klassik və müasir Azərbaycan və xarici ölkələr ədəbiyyatının latın qrafikasında nəşrinin adını çəkib.

Mehriban Əliyeva həmçinin, qeyd edib ki, Azərbaycan prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi dərsliklər üzrə ayrıca proqram hazırlayır və bu proqram ali məktəblərin bütün ixtisaslarını əhatə edir. "Şübhəsiz ki, bu proqramın reallaşdırılmasında bizim üçün Rusiyanın, o cümlədən, "Puşkin kitabxanası"nın təcrübəsi çox qiymətlidir" - deyə o bildirib.

Mehriban Əliyeva eləcə də, Azərbaycanın "postsovet məkanında rus dilində təhsilin kifayət qədər böyük həcmdə saxlanıldığı çox güman ki, yeganə ölkələrdən biri olduğunu" qeyd edib. Heydər Əliyev Fondunun prezidenti bildirib ki, bir sıra qonşu dövlətlərdən fərqli olaraq, bu təhsil Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir. Onun sözlərinə görə, ölkədə artıq bir neçə illərdir ki, praktiki olaraq bütün slavyan dillərində mütəxəssislər hazırlayan Slavyan Universiteti fəaliyyət göstərir.

"Biz bu gün şübhəsiz ki, Azərbaycanla Rusiya arasında mədəni körpü olan böyük rus mədəniyyətini əhatə edən məkanı saxlamağa nail oldüğümüz üçün fəxr edirik",- deyə o bəyan edib.

"Kitab müxtəlif ölkələr arasındakı münasibətlərdə ən mehriban və etibarlı səfirdir",- deyə mərasimdə çıxış edən "Puşkin kitabxanası"nın baş direktoru Mariya Vedenyapina bildirib. Onun sözlərinə görə, kitabların təhvil verilməsi Azərbaycanda Rusiya İlinin açılışının preambulası olacaq. "Başlıcası, bir-birinə olan marağı itirməməkdir. Əgər bu maraq olarsa, biz həmişə sevinclə yardım edəcəyik", -deyə o bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bunu Heydər Əliyevin xatirəsinə və Azərbaycan mədəniyyətinə hədiyyə kimi qiymətləndirib. O, bu kitabların erməni təcavüzü nəticəsində minlərlə kitabxananın və milyonlarla kitabın yandırıldığı Azərbaycan üçün zəruri olduğunu xüsusi qeyd edib.

Qeyd edək ki, yüksək poliqrafik səviyyədə nəşr olunan kitablar tarix, mədəniyyət, ədəbiyyat, elm və texnologiya, iqtisadiyyatı əhatə edir və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti