...

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Bakının Əzizbəyov rayonunun qəsəbələrinə baş çəkib

Siyasət Materials 9 Fevral 2006 13:11 (UTC +04:00)

Trend in Azərtac-a istinadən xəbər verdiyi kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Mill Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonunun qəsəbələrinə baş çəkib.

Seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılmış məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədilə Mehriban Əliyeva Binə, Hövsan, Türkan, Zirə və Şüvəlan qəsəbələrinin sakinləri ilə görüşmüş, yeni tikilən obyektlərə baxmışdır.

Milli Məclisin deputatı Binə qəsəbəsində Möhsün Səlim məscidində olmuş, burada aparılan təmir-bərpa işləri ilə tanış olmuşdur. Xatırladaq ki, təmir işləri keçən ilin oktyabr ayında Mehriban Əliyevanın qəsəbə sakinlərinin xahişi ilə ibadətgaha gələrək buradakı vəziyyətlə yerində tanış olduqdan və öz köməyini əsirgəməyəcəyini vəd etdikdən sonra başlamışdır.

Seçkiqabağı görüşlərdə sakinlərin narazılığının əsas səbəblərindən biri də enerji təchizatı ilə bağlı idi. Bununla əlaqədar "Azərenerji" SC Mehriban Əliyevanın xahişi ilə "Yeni Binə" yardımçı stansiyasının yenidən qurulmasına başlamışdır. Burada aparılan tikinti-quraşdırma işləri ilə tanış olmaq üçün bu əraziyə gələn M.Əliyevaya stansiyanın martın əvvəlində istismara veriləcəyi bildirilmişdir. Qəsəbə sakinləri elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasında göstərdiyi köməyə görə deputata təşəkkürünü bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Hövsanı qəsəbəsində yerli əhali ilə görüşərək onların problemləri ilə tanış olmuş, bu problemlərin həllində köməklik göstərəcəyini vəd etmişdir. Son illər ölkədə yeni təhsil və səhiyyə obyektlərinin tikintisinin geniş vüsət aldığını xatırladan M.Əliyeva bu geniş miqyaslı proqramdan Əzizbəyov rayonuna da pay düşəcəyini qeyd edib. O, həmçinin, vurğulayıb ki, bütün qaldırılan məsələlər gələcəkdə də diqqətlə öyrəniləcək və icra ediləcək.

M.Əliyeva bildirib ki, yaxın 2-3 il ərzində rayonda məktəblərin bütün maddi-texniki bazası yeniləşəcək, uşaqlarımızın yüksək səviyyyədə təhsil alması üçün hər cür şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti