Rusiya milli sərgisinin təntənəli açılış mərasimi fevralın 21-də H.Əliyev adına İdman-sərgi kompleksində keçirilib. Trend bildirir ki, sərgi Azərbaycanda Rusiya İlinin açılışı ilə eyni vaxtda keçirilən təntənəli tədbirlər çərçivəsində təşkil edilib. Sərgidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin iştirak edib.
Rusiya Federasiyasının 21 regionundan olan 140-dan çox müəssisə 3200 kv.m sahədə öz ekspozisiyasını yerləşdirib, bundan başqa, açıq sahədə də eksponatlar yerləşdirilib. Sərgidə neft sənayesi və texnologiya avadanlığı, qara metal və armatur prokat, borular, enerji və elektrik avadanlıqları, kimya və meşə sənayesi məhsulları, tikinti avadanlıqları, materiallar və texnologiyalar, kənd təsərrüfatı maşınları, turizm, poliqrafiya, qablaşdırma kimi sahələrə aid eksponatlar nümayiş etdirilir.
Sərgidə RF-nin təxminən 15 regionu iştirak edir. Forum çərçivəsində müxtəlif mövzularda seminarların və dəyirmi masaların keçirilməsi planlaşdırılır.