...

DİP Roman Temnikovun Dağlıq Qarabağa səfərinin məqsədinə aydınlıq gətirib

Siyasət Materials 22 Fevral 2006 19:21 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə bu partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü, Azərbaycan-Rus Gəncləri Assosiasiyasının sədri Roman Temnikovla görüşərək onun Ermənistan ərazisindən Dağlıq Qarabağa səfər etməsinin məqsədlərini aydınlaşdırıb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, "Obozrevatel" qəzetinin əməkdaşı olan Roman Temnikov Bakıya qayıtdıqdan sonra DİP-in mərkəzi qərargahına gələrək Dağlıq Qarabağa səfəri barədə partiya sədri Asim Mollazadəyə ətraflı məlumat verib. Roman Temnikov deyib ki, o, bu səfəri jurnalist araşdırmasını həyata keçirmək məqsədilə gerçəkləşdirib və səfər qeyri-hökumət təşkilatının həyata keçirdiyi beynəlxalq layihə çərçivəsində təşkil olunub. A.Mollazadə R.Temnikovun nəzərinə çatdırıb ki, onun Dağlıq Qarabağa səfəri məsuliyyətsiz bir addım və düzgün olmayan bir qərar idi, çünki bu, Qarabağın işğalçı rejiminin mətbuat orqanlarının və erməni KİI-in bu səfərdən öz məqsədləri üçün istifadə etməsinə imkan verib.

Roman Temnikovun səfərindən o da məlum olub ki, bu şəxs Qarabağın işğal olunmuş ərazilərində sadə insanlarla görüşlər keçirib. Sadə ermənilər Azərbaycana öz isti münasibətlərini açıqlayıblar və bu gün zorən hərbi rejimin girovuna çevrildiklərini etiraf ediblər. Ermənilər böyük məmnuniyyətlə Azərbaycanın tərkib hissəsində yaşamaq istədiklərini, lakin mövcud rejimin onlara bu imkanı vermədiyini bildiriblər.

"Bütün bunlar göstərir ki, Temnikovun səfəri bir daha ermənilərin işğalçı rejiminin mahiyyətini üzə çıxarmağa imkan verib. İşğalçı Ermənistan və Qukasyan rejimi Dağlıq Qarabağdakı erməni icmasının nümayəndələrini də öz siyasətinin girovuna çevirib. Bu səfər zamanı müşahidə olunanlar Robert Koçaryanın məşhur "azərbaycanlılarla ermənilərin genetik uyğunlaşmamaları" tezisini də alt-üst edir. Demokratik İslahatlar Partiyası hesab edir ki, Roman Temnikovun bu səfərindən ermənilərin sui-istifadəsinə imkan yaradılması mənfi nəticədir, lakin Ermənistanın cinayətkar hərbi rejiminin ifşası baxımından müsbət nəticədir.Çünki Roman Temnikov Koçaryanın Rambuye görüşündən nə üçün qaçdığını bir daha geniş ictimaiyyətə çatdırmaq imkanı qazanıb"-deyə partiyanın bəyanatında vurğulanır.

DİP R.Temnikova məsuliyyətsiz hərəkətinə görə töhmət verib, eyni zamanda onun jurnalist fəaliyyətinə məhdudiyyət qoymağı düzgün hesab etmir.

Xəbər lenti

Xəbər lenti