...

Azərbaycan hərbçiləri Ermənistanda keçirilən hərbi təlimdə iştirak etməyəcək

Siyasət Materials 14 Mart 2006 14:49 (UTC +04:00)

Ermənistanda keçirilən hər hansı hərbi təlimdə Azərbaycan Silahlı Qüvvələrinin iştirak etməsi mümkün deyil. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Qeyd edək ki, Ermənistanın "Panarmenian" agentliyi həmin ölkənin müdafiə nazirinin müavini Artur Aqabekyana istinadən iyun ayında NATO-nun "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi təlimlərin keçirilməsi barədə məlumat yayıb. Nazir müavini hərbi təlimlərdə 20 ölkə ilə yanaşı Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin də iştirakını mümkün saydığını söyləyib.

A.Aqabekyan bildirib ki, Ermənistan hökuməti NATO proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak etmək üçün ölkəyə gəlmək istəyən Azərbaycan Silahlı Qüvvələrinin nümaynədələrini qəbul etməyə hazırdır.

Lakin Azərbaycanın Müdafiə Nazirliyi istənilən halda hərbçilərimizin Ermənistana səfərini mümkünsüz hesab edib. Qurumun sözçüsü İ.Verdiyev bildirib ki, Ermənistan NATO-nun "Sülh Naminə Tərfdaşlıq Proqramı"nda formal iştirak edir. "Ermənistanda il ərzində bu Proqram çərçivəsində vur-tut 1 dəfə tədbir keçirilr, bu da formal xarakter daşıyır. Ermənistan işğalçı ölkədir və bu proqramda iştirak etməklə özünü beynəlxalq aləmə sülhməramlı dövlət kimi qələmə vermək məqsədi güdür" - deyə İ.Verdiyev söyləyib.

İ.Verdiyev əlavə edib ki, Azərbaycanın Müdafiə Nazirliyi həmin ölkədə keçirilən hər hansı hərbi təlimlərlə bağlı rəsmi dəvət alsa da, bu dəvəti qəbul etməyəcək.

Xəbər lenti

Xəbər lenti