Milli Məclisin martın 24-də keçirilən növbəti toplantısında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2005-ci ildəki fəaliyyəti ilə bağlı illik hesabatı qəbul edilib. Trend xəbər verir ki, 80 millət vəkili hesabatın lehinə, 9-u isə əleyhinə səs verib.
Parlamentin axşam iclasında ombudsmanın illik hesabatı ilə bağlı millət vəkilləri çıxış ediblər. Fazil Qəzənfəroğlu ombudsman Elmira Süleymanovanın öz fəaliyyəti ilə bağlı cəsarətli addımlar atdığını qeyd edib. O, E.Süleymanovanın bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etməsini, Bakıda bir sıra tədbirlərin keçirilməsini, təcridxanalarda apardığı monitorinqlərini yüksək qimətləndirib.
Millət vəkili Nizami Xudiyev qeyd edib ki, ombudsmanın Milli Məclisə təqdim etdiyi illik hesabatı qəbul edilməlidir. Çünki hesabatda əksini tapan bəzi məqamlar onun bu sahədə gərgin fəaliyyət göstərdiyinə əsas verir. Sabir Rüstəmxanlı da ombudsmanın illik hesabatını müsbət dəyərləndirib. Onu da vurğulayıb ki, bu hesabatda Azərbaycanla bağlı daha qlobal problemlər öz əksini tapmalıydı.
Digər çıxış edən millət vəkilləri Əli Əhmədov, Yevda Abramov, Əli Hüseynov, Gülhüseyn Əhmədov, Aydın Mirzəzadə, Yaqub Mahmudov, vitse-spiker Bahar Muradova ombudsmanın illik hesabatını yüksək qiymətləndiriblər.
Müzakirələrin sonunda ombudsman Elmira Süleymanova ona ünvanlanan suallara yenidən aydınlıq gətirdikdən sonra parlamentə təqdim etdiyi hesabatı səsvermə nəticəsində qəbul olundu.