...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Bakıya gələcək

Siyasət Materials 30 Mart 2006 14:48 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Bakıya gələcək

Beynəlxalq "Qırmızı Xaç" Komitəsinin prezidenti Yakob Kellenberq (Jakob Kellenberger) aprelin 3-4-də ikigünlük səfərlə Azərbaycana gələcək. Komitənin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, Yakob Kellenberq Bakıya Azərbaycan hökumətinin dəvəti ilə səfər edəcək. Ancaq bu səfər regional xarakter daşıyacaq. Komitə prezidenti Azərbaycandan sonra Gürcüstana, daha sonra isə Ermənistana gedəcək. "Qırmızı Xaç" komitəsi prezidentinin Cənubi Qafqaza səfəri aprelin 7-də başa çatacaq.

Səfər zamanı Yakob Kellenberqin Bakıda ölkə prezidenti İlham Əliyev, baş nazirin müavini, Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşləri gözlənilir. Bundan başqa, Xarici İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Ədliyyə və Səhiyyə nazirliklərində də görüşlər planlaşdırılıb. O, həmçinin, Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin işi ilə tanış olacaq və Sabirabadda məcburi köçkünlərin məskunladığı şəhərciyə baş çəkəcək.

Səfər zamanı Azərbaycanda "Qırmızı Xaç" komitəsinin fəaliyyət proqramının gerçəkləşdirilməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Əsas diqqət Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məsələyə, Azərbaycan Silahlı Qüvvələrində beynəlxalq hüququn tətbiqinə və ölkədə vərəmdən müalicə proqramına yönəldiləcək. Bu, Yakob Kellenberqin birinci regional səfəri olacaq. Komitənin əvvəlki rəhbərinin Azərbaycana sonuncu səfəri 1995-ci ildə baş tutub.

"Qırmızı Xaç" komitəsi Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti