Müsavat Partiyasından xaric edilən Tahir Paşa partiyanın başqanı İsa Qəmbəri və müavini Arif Hacılını məhkəməyə verəcək. Bu barədə Trend ə Beynəlxalq sülh mükafatı laureatı, Jurnalist Müharibə Veteranları Assosiasiyasının sədri Tahir Paşanın özü bildirib.
Qeyd edək ki, iki gün bundan öncə Tahir Paşa ilə yanaşı Qurban Qurbanov seçkilərə müstəqil şəkildə qatıldıqlarına və Müsavatın Divanının qərarına tabe olub öz namizədliklərini partiyanın vahid namizədlərinin xeyrinə geri götürmədiklərinə görə partiya sıralarından xaric ediliblər. T.Paşa 42 saylı Sumqayıt seçki dairəsindən, Q.Qurbanov isə 9 saylı Binəqədi seçki dairəsindən namizədliklərini veriblər.
T.Paşa bildirib ki, o, öz hüquqlarını sonadək müdafiə edəcək: "Mən beynəlxalq təşkilatların qarşısında sübut edəcəm ki, haqsız olaraq partiya sıralarından xaric edilmişəm. Məndən qisas almaq məqsədilə partiya sıralarından çıxarmaqla cəzalandırıblar. Çünki mən hələ yanvar ayında təkrar seçkilərə qatılmaqla bağlı siyasi qüvvələrə müraciət etmişəm". T.Paşa bildirib ki, bu məsələ ilə bağlı bir neçə dəfə partiyanın rəhbərliyi ilə danışıqlar aparıb: "Bildirmişəm ki, seçkiyə qoşulmağa görə partiya üzvünü cəzalandırmazlar".
T.Paşa onu da vurğulayıb ki, təbliğat-təşviqat kampaniyasına start verdikdən sonra ona qarşı belə bir addımın atılması ilə barışmayacaq: "Mən konkret olaraq partiyanın sədri İsa Qəmbəri, müavini Arif Hacılını və Səbail rayon təşkilatının sədrini məhkəməyə verib mənə seçki kampaniyası dövründə dəyən mənəvi ziyanla bağlı təzminat tələb edəcəm". T.Paşa tələb edəcəyi təzminatın ilkin məbləğinin 20 min dollardan yuxarı olduğunu söyləyib.
Müsavat Partiyası sədrinin müavini Arif Hacılı isə bildirib ki, T.Paşanın məhkəmə instansiyalarına müraciət etmək hüququ var: "Onun partiya sıralarından çıxarılmasında heç bir qanun pozuntusu yoxdur".