...

Nizami Bəhmənov: "Vardan Oskayanın Azərbaycanı atəşkəsin pozulmasında günahlandırması absurddur"

Siyasət Materials 1 Aprel 2006 14:04 (UTC +04:00)
Nizami Bəhmənov: "Vardan Oskayanın Azərbaycanı atəşkəsin pozulmasında günahlandırması absurddur"

"Ermənistanın xarici işlər naziri Vardan Oskayanın Azərbaycanı atəşkəsin pozulmasında günahlandırması absurd iddiadır". Bu fikirləri Trend ə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Azərbaycan rəhbərliyinin Qarabağla bağlı siyasətinə yenidən baxacağı barədə bəyanatlarının son günlərdə atəşkəsin pozulması ilə nəticələndiyini iddia edib. Buna münasibət bildirən N.Bəhmənov deyib ki, bu, məntiqsiz bir yanaşmadır və atəşkəs elan olunan gündən pozulur: "Atəşkəs dövründə hər iki tərəfdən ölənlərin sayı da məlumdur. Hər hansı məsələ ilə bağlı öz siyasətinə yenidən baxması isə Azərbaycanın öz daxili işidir. Ölkə prezidenti çox düzgün olaraq bəyan edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında saxlaması ilə barışmayacaq. Ona görə də danışıqlar nəticə verməsə, öz siyasətinə yenidən baxmalı olacaq".

Politoloq Rasim Musabəyov isə bildirib ki, V.Oskanyanın Ermənistanın xeyrinə təbliğat xarakterli çıxışlarına əhəmiyyət vermək lazım deyil. R.Musabəyov hesab edir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-da bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyi görüşlərdə Qarabağla bağı aparılacaq müzakirələr faydalı ola bilər: "Bu görüşün faydalılığını onda görürəm ki, ABŞ Dağlıq Qarabağ probleminin həlli prosesini ölü nöqtədən tərpətmək istəyir və onun buna imkanları da var"-deyə R.Musabəyov qeyd edib.

Politoloqun fikrincə, xarici işlər nazirinin ABŞ səfərindən sonra sülh danışıqları prosesində irəliyə doğru bir addım atılarsa, "Böyük səkkizlər"in Sankt-Peterburqda keçiriləcək sammiti ərəfəsində artıq Azərbaycan və Ermənistanın dövlət başçıları səviyyəsində razılaşma əldə edilməsi mümkündür: "Əgər danışqıqlar mərhələsində tərəflər arasında razılaşma əldə edilərsə, "Böyük səkkizlər"in görüşü vaxtı, yaxud ondan əvvəl Azərbaycan və Ermənistan rəhbərlərinin bununla bağlı ciddi bəyanatlar verəcəyini istisna etmirəm. Hesab edirəm ki, belə olan halda "Səkkizlər"in görüşündə artıq Dağlıq Qarabağ probleminə nöqtə qoyula bilər"-deyə R.Musabəyov bildirib.

Xəbər lenti

Xəbər lenti