...

Razi Nurullayev: "Mənim "Yox" Hərəkatından uzaqlaşdırılmağım barədə yayılan məlumatlar tamamilə yanlışdır"

Siyasət Materials 7 Aprel 2006 15:12 (UTC +04:00)

"Mənim "Yox" Hərəkatından uzaqlaşdırılmağım barədə yayılan məlumatlar tamamilə yanlışdır". Bu barədə Trend ə "Yox" Hərəkatının təsisçisi və beynəlxalq konsultantı Razi Nurullayev məlumat verib. O, bildirib ki, bu məsələ ilə bağlı xüsusi açıqlama veriləcək.

"Mənim təşkilatdan uzaqlaşdırılmağım hüquqi cəhətdən də mümkün deyil. Mən təşkilatın həm təsisçisi, həm konsultantıyam, həm də idarəçiliyini həyata keçirirəm. Belə yanlış məlumatların yayılmasının səbəblərinə gəldikdə, təşkilatda bəzi insanlar var ki, onlar kimlərsə tərəfindən öyrədilirlər, ictimaiyyətə məqsədli şəkildə bu tipli açıqlamalar ötürürlər. Həm də ola bilər ki, onlar mediaya çıxmaq, mətbuatda barələrində yazdırmaq istəyirlər"-deyə R.Nurullayev bildirib.

R.Nurullayevin sözlərinə görə, "Yox" Hərəkatının strukturunda bəzi dəyişikliklər edilib. Hazırda təşkilatın hansısa tədbirləri nəzərdə tutulmur. Amma yaxın zamanlarda qurum müxtəlif tipli aksiyalar keçirəcək: "Biz cəmiyyətdəki problemlərlə bağlı etiraz xarakterli vərəqələr, bukletlər paylayacaq, plakatlar yapışdıracağıq. Açıqlamadığımız digər tədbirləri də xəbər vermədən keçirəcəyik".

Xəbər lenti

Xəbər lenti