...

Nazim İbrahimov: "Azərbaycan diaspor təşkilatları Ramil Səfərovun ölkəmizə verilməsi üçün müraciətlər etməlidirlər"

Siyasət Materials 14 Aprel 2006 17:10 (UTC +04:00)

"Ramil Səfərovun barəsində Budapeşt şəhər məhkəməsi tərəfindən çıxarılan hökm çox ağırdır və belə sərt qərar gözləmirdik". Bu fikirləri Trend ə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O, qeyd edib ki, Ramil Səfərovun cəzasını Azərbaycanda çəkməsi məqsədilə ölkəmizə verilməsi üçün ictimai qurumlar, Macarıstandakı Azərbaycan diaspor təşkilatları müraciətlər etməlidirlər. Amma Nazim İbrahimov hesab edir ki, Macarıstanda kütləvi aksiyalar keçirmək, küçələrə çıxmaqla etirazlar bildirmək heç bir fayda verməyəcək: "Bu cür etiraz formaları Ramil Səfərovun işini yüngülləşdirməyəcək. Əksinə, daha da çətinləşdirə bilər. Bundan sonra Macarıstanın müvafiq dövlət orqanlarına, məhkəmələrinə müraciətlər etməklə Ramil Səfərovun Azərbaycana verilməsi yönündə iş görülməlidir. Hesab edirəm ki, Azərbaycanın dövlət qurumlarının bu yöndə iş aparması o qədər də faydalı olmaz. Daha çox ictimai birliklər, diaspor təşkilatları belə təşəbbüslər göstərməlidirlər. Amma müraciətlərdə mütləq Ramil Səfərovun əməlinə də qiymət verilməlidir. Yəni onun törətdiyi hadisənin qəhrəmanlıq kimi qiymətləndirilməsi yolverilməzdir, əksinə Azərbaycan ictimaiyyətinin hər hansı bir qətli təqdir etmədiyi xüsusi vurğulanmalıdır"-deyə N.İbrahimov bildirib.

Nazim İbrahimov onu da deyib ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Macarıstanda və başqa ölkələrdə yaşayan diaspor nümayəndələrimizə, həmvətənlərimizə bu işdə köməklik göstərməyə hazırdır. Azərbaycan zabitinin məhum edildiyi cəzanın çox ağır olduğunu deyən Komitə sədrinin qənaətinə görə, onun barəsində belə bir qərar çıxarılmasına həm də Azərbaycan ictimaiyyətində aparılan təbliğat səbəb olub: "Ramil Səfərovun Azərbaycanda qəhrəman elan edilməsi, onun əməlinə haqq qazandırılması bugünkü nəticəni verdi".

Xəbər lenti

Xəbər lenti