...

Ramil Usubovun Düşənbəyə işgüzar səfəri çərçivəsində 8 məsələnin müzakirəsi gözlənilir

Siyasət Materials 20 Aprel 2006 12:27 (UTC +04:00)

Aprelin 20-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun Tacikistana səfəri çərçivəsində 8 məsələnin müzakirəsi gözlənilir. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Mehrab Tükanov məlumat verib.

M.Tükanovun bildirdiyinə görə, Düşənbədə öz işinə başlayan MDB ölkələri daxili işlər nazirlərinin görüşündə qarşılıqlı əməkdaşlıq və inkişaf perspektivləri müzakirə olunacaq. İclasda dövlətlərarası axtarışda olan şəxslərin axtarılmasına dair əlavə vahid qaydaların təsdiq edilməsi gözlənilir.

İclas iştirakçıları MDB ölkələrinin 2007-2010-cu illərdə insan alveri ilə mübarizə sahəsində proqram layihəsinə, Rusiya Daxili İşlər Nazirliyi Baş İnformasiya bankının formalaşdırılması və bu sahədə Hökumətlərarası Saziş layihəsinin hazırlanmasına, əl-barmaq və güllə-giliz izlərinə dair vahid avtomatlaşdırılmış məlumatlar bankı şəbəkəsinin yaradılmasına dair fikir mübadiləsi də aparacaqlar. İclasın sonunda müvafiq sənədlər qəbul olunacaq.

Nazirin səfəri aprelin 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti