...

Əli Həsənov: "Müxalifətin elə müxalifətdə də qalmasının əsas səbəbi onların öz xalqına, dövlətinə müxalif münasibət nümayiş etdirməsidir"

Siyasət Materials 27 Aprel 2006 12:46 (UTC +04:00)

"Təəssüf edirik ki, Azərbaycan müxalifəti öz şəxsi maraqlarından kənar olan məsələlərdə dövlətə qarşı müxalifətçilik mövqeyi nümayiş etdirir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O, bəzi müxalifət partiyalarının Azərbaycanın dövlət başçısı İlham Əliyevin ABŞ-a dəvət olunmasını müxtəlif cür şərh etmələrinə münasibət bildirərkən deyib ki, müxalifətin dövlətçilik maraqlarına zidd hərəkətləri onlara uğur gətirməyəcək: "Hər bir insana, iqtidara, hansısa ideyaya müxalifətdə dayanmaq olar. Amma dövlətə, dövlətçilik maraqlarına müxalif olmaq heç kimə şərəf gətirmir və başucalığı gətirməyəcək də. İndiki müxalifətin elə müxalifətdə də qalmasının əsas səbəbi onların öz xalqına, dövlətinə müxalif münasibət nümayiş etdirməsidir. Belə mövqeləri onların bundan sonra da müxalifətdə qalmasına səbəb olacaq".

Əli Həsənov qeyd edib ki, prezident İlham Əliyevin ABŞ-a dəvət edilməsi, Azərbaycanın bu fövqəldövlətlə münasibətlərinin yüksək səviyyədə olması hər bir vətəndaşımızın, o cümlədən də müxalifətin maraqlarına cavab verir: "Lakin müxalifət bunu hiss etmir".

Xəbər lenti

Xəbər lenti