Seçkilərin demokratik keçirilməsi qanunun mahiyyətindən irəli gəlir. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AŞPA-nın Azərbaycanda keçiriləcək təkrar seçkiləri müşahidə missiyasaının rəhbəri Leo Platfoyetin seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı fikrinə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, aprelin 27-də L.Platfoyet jurnalistlərə bildirib ki, Avropa Şurası tərəfindən Azərbaycana bir sıra təkliflər irəli sürülüb ki, bu da əsasən seçki komissiyalarının tərkibində dəyişikliklərin edilməsi ilə bağlıdır.
M.Qurbanlı bildirib ki, Azərbaycanın Seçki Məcəlləsi seçkilərin demokratik keçirilməsini təmin edən və beynəlxalq standartlara uyğun hazırlanan ciddi sənəddir: "Mərkəzi Seçki Komissiyasında təmsil olunan nümayəndələrin heç biri siyasi partiyaların üzvü deyil. Mənə elə gəlir ki, komissiyaların tərkibinin dəyişdirilməsi məsələsi siyasi alver vasitəsinə çevrilib".
M.Qurbanlı qeyd edib ki, MSK-nın tərkibini hansı formada dəyişdirməklə bağlı L.Platfoyet təklif verməlidir: "Cənab Platfoyet bununla nə demək istəyir və bu istək nədən irəli gəlir. Azərbaycanın Seçki Məcəlləsi var. Sənəd vaxtilə Avropa Şurasından rəy alıb. Düşünürəm ki, bu sənədlə də təkrar seçkilər demokratik keçiriləcək".
YAP rəsmisi onu da qeyd edib ki, təkrar seçkilərdən sonra MSK tam şəkildə formalaşdırılacaq. Buna görə heç bir narahatçılıq keçirmək lazım deyil.