...

Səməd Seyidov: Təkrar parlament seçkilərinədək Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik edilməyəcək

Siyasət Materials 28 Aprel 2006 16:58 (UTC +04:00)
Səməd Seyidov: Təkrar parlament seçkilərinədək Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik edilməyəcək

Azərbaycan hökuməti 13 may 2006-cı ildə ölkənin Milli Məclisinə keçiriləcək təkrar seçkilərədək Seçki Məcəlləsinə heç bir dəyişiklik etmək niyyətində deyil. Trend in xəbər verdiyi kimi bu barədə aprelin 28-də jurnalistlərlə söhbətində AŞPA-dakı Azərbaycan Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

O qeyd edib ki, Azərbaycan AŞ Venesiya Komissiyasının bütün təkliflərinə çox diqqətlə yanaşır. "Biz may seçkilərini 6 noyabr 2005-ci il seçkilərinin tərkib və ayrılmaz hissəsi sayırıq. Buna görə də məhz 13 may seçkilərinə görə Seçki Məcəlləsinə bu və ya digər formada dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etmirik", - deyə S.Seyidov vurğulayıb. O əlavə edib ki, ölkədə seçki praktikasının təkmilləşdirilməsi seçkilərdən sonra davam etdiriləcək.

Deputat qeyd edib ki, AŞPA-nın seçkiqabağı missiyasının Azərbaycana səfəri, o cümlədən 13 may seçkilərinin yekunları əsasında iyunda AŞPA-da "Azərbaycanda parlament seçkiləri" məsələsi ilə bağlı müzakirələr aparılacaq.

"Seçkilər bir proses kimi artıq tədricən başa çatır. Seçkilərdən sonra Milli Məclis AŞPA-ya öz nümayəndə heyətini tam tərkibdə göndərə biləcək. Bu gün AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətində müxalifəti təmsil edəcək 2 üzv yoxdur. Biz konstruktiv müzakirələr gözləyirik", - deyə S.Seyidov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti